Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişan hesab ediləcək.
Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Onların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Vurğulanıb ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi və sair) halları baş verə bilir.
Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır.
Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən – fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti var. Bu məsələnin həlli üçün qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. // Bizim.Media
























