image-photo_2026-01-02_15-56-37backend

Budanov Zelenskiyə xəbərdarlıq etdi: “Donbası Rusiyaya vermək olmaz”

Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov Prezident Volodimir Zelenskiyə müharibəyə son qoymaq naminə Donbas ərazilərinin Rusiyaya güzəştə gedilməməsini tövsiyə edib.

Bu barədə The New York Times Budanovla müsahibəsinə istinadən məlumat yayıb.

Budanov bildirib ki, Donbasda ərazi güzəştlərinə qarşı çıxır. Onun sözlərinə görə, belə bir addım Rusiyaya döyüş meydanında əldə edə bilmədiyi nəticəni siyasi yolla qazandırmış olar.

Ukrayna rəsmisi ötən qış Rusiya və ABŞ ilə aparılan danışıqlarda Kiyevin nümayəndə heyətinə rəhbərlik edib. Budanov danışıqlar prosesinin sentyabrın sonlarında – Rusiyada keçiriləcək parlament seçkilərindən sonra və ABŞ-dakı ara seçkilərindən əvvəl bərpa oluna biləcəyini düşünür.

Bununla belə, qəzet Ukrayna rəhbərliyi daxilində Moskva ilə mümkün razılaşmalar məsələsində tam fikir birliyinin olmadığını qeyd edir.

Budanov yaxın vaxtlarda atəşkəs əldə olunacağına da ümidli deyil. O hesab edir ki, hərbi əməliyyatların dayandırılması üçün real şərtlər yalnız yaza qədər formalaşa bilər.

Ukrayna Prezident Ofisinin rəhbəri eyni zamanda Rusiyanın qış aylarında raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynaya qarşı daha bir genişmiqyaslı hücum kampaniyasına cəhd göstərə biləcəyini ehtimal edib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki