İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ administrasiyasının Tehranla bağlı siyasətini sərt şəkildə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəqai ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri genişləndirmək cəhdlərini və digər ölkələri bu siyasətə cəlb etmək səylərini “tragikomik vəziyyət” kimi qiymətləndirib.
Bəqai “X” hesabında yazıb ki, Vaşinqton bir tərəfdən İranla faktiki olaraq əhəmiyyətli iqtisadi əlaqələri olmayan ölkələrlə təmaslar quraraq İrana qarşı genişmiqyaslı “ittifaq” formalaşdırıldığı görüntüsü yaratmağa çalışır.
Vaşinqtonun İrana qarşı siyasəti əsl zarafata çevrilib”, – deyə İran XİN sözçüsü bildirib.
Bəqai ABŞ-ın əvvəllər də sanksiyaya məruz qalmış sahələrə və şəxslərə yenidən məhdudiyyətlər tətbiq etməsini də tənqid edib. O, Vaşinqtonun bir tərəfdən mövcud olmayan əlaqələri dayandırdığını, digər tərəfdən isə bunun fonunda İrana qarşı “ittifaq” görüntüsü yaratmağa çalışdığını vurğulayıb.
İran rəsmisinin açıqlaması ABŞ-ın Tehran üzərində iqtisadi təzyiqi artırdığı bir vaxtda səslənib. Son günlər Vaşinqton digər ölkələri də İranla ticarət əlaqələrini məhdudlaşdırmağa çağırıb və yeni ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətini açıqlayıb.
Bəqai daha əvvəl də ABŞ-ın yeni sanksiyalarını İranın iqtisadi əlaqələrinə müdaxilə və digər dövlətlərin suverenliyinə təzyiq kimi qiymətləndirib.
Tehran hesab edir ki, Vaşinqtonun uzunmüddətli sanksiya siyasəti İranı geri addım atmağa məcbur etməyib. ABŞ isə iqtisadi təzyiq vasitəsilə İranın maliyyə imkanlarını məhdudlaşdırmağa və ölkənin beynəlxalq iqtisadi əlaqələrini daraltmağa çalışır.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























