Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
Hökumə Cəlil qızı Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, 1-6-cı sinifləri Volqoqradda oxuyub. Hökumə Əliyeva daha sonra məktəb təhsilini Gəncə şəhərində V. Veysəlov adına 30 nömrəli tam orta məktəbdə başa vurub. Yüksək bal toplayaraq o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, təhsilini magistratura və doktorantura pillələrində uğurla davam etdirib.
2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) çalışmağa başlayan H.Əliyeva əvvəlcə tərcüməçi, sonra stüardessa və daha sonra hüquqşünas kimi fəaliyyət göstərib.
O, 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Hökumənin “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda iz qoyub.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
























