image-baki-1-1-640x403backend

Bakını tərk edənlərə güzəşt edilsin – Artıq müzakirələr başlandı

Bakıda əhalinin həddindən artıq sıxlığı, regionlarda isə əhalinin azalması və gənclərin rayonlardan paytaxta üz tutması sosial-iqtisadi baxımdan ciddi çağırışlar yaradır. Bu baxımdan paytaxtdan rayonlara köçərək orada daimi məskunlaşan vətəndaşlar üçün xüsusi maddi kompensasiya və sosial dəstək mexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlir.

Bəs əhalinin regionlara köçünü stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı  danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, problemin həlli üçün yalnız əlavə kompensasiyaların tətbiqi kifayət deyil. Onun sözlərinə görə, regionlarda yaşayışı daha cəlbedici etmək üçün ümumi qaydalar dəyişdirilməlidir:

“Bu, çoxdan müzakirə olunan məsələdir. Əlavə kompensasiyaların verilməsindən daha çox, ümumi qaydaların dəyişdirilməsinə ehtiyac var. Məsələn, rayon və kəndlərdə yaşayan insanlar üçün kommunal xidmətlərin qiyməti Bakı ilə müqayisədə ən azı 2-3 dəfə aşağı olar. Eyni zamanda, regionlarda yaşayan vətəndaşlar üçün vergi güzəştlərinin ciddi şəkildə tətbiqi mümkündür.

Bundan başqa, regionlarda iş yerlərinin yaradılması üçün təşviq və kredit siyasəti dəyişdirilə bilər. Bəzi sahələr üzrə faizsiz kreditlərin, hətta müəyyən hallarda əvəzsiz maliyyə dəstəyinin verilməsi nəzərdən keçirilə bilər.

Həmçinin müəyyən dövlət idarələrinin regionlara köçürülməsi hesabına həmin ərazilərdə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması mümkündür”.

İqtisadçı hesab edir ki, bu istiqamətdə tədbirlər yaxın illərdə həyata keçirilməlidir. Natiq Cəfərlinin sözlərinə görə, əks halda regionlarda demoqrafik vəziyyət daha da ağırlaşacaq:

“Bu addımlar təcili atılmalıdır. Çünki 3-5 ildən sonra vəziyyət geri dönməz hala gələcək. Gənclər regionlarda qalmaq istəmir. Müəyyən müddətdən sonra həmin ərazilərdə əsasən yaşlı insanlardan ibarət əhali qala bilər. Kəndlər boşalır, şagird sayında isə hər il azalma müşahidə olunur”.

İqtisadçının fikrincə, regionlarda yaşayışın və iqtisadi fəaliyyətin stimullaşdırılması üçün vergi, kommunal xidmətlər, kreditləşmə, məşğulluq və dövlət qurumlarının yerləşdirilməsi ilə bağlı kompleks siyasət həyata keçirilməlidir.// konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki