Azərbaycanın dövlətçilik tarixində Vətənin müdafiəsi və onun təhlükəsizliyinin təmin olunması daim xüsusi əhəmiyyət daşıyıb. Bu məsuliyyətli missiyanın həyata keçirilməsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da özünəməxsus xidmət yolu formalaşıb. İctimai asayişin qorunmasından tutmuş dövlət və vətəndaş təhlükəsizliyinin təmin edilməsinə, ən çətin anlarda qarşıya qoyulan tapşırıqların icrasına qədər hərbi qulluqçuların fəaliyyəti hərbi anda və xalqa sədaqət üzərində qurulub. Müxtəlif illərdə yaşanan müharibələr və hərbi qarşıdurmalar bu sədaqətin yalnız sözlə deyil, əməl və fədakarlıqla təsdiqləndiyi sınaqlara çevrilib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri də həmin döyüş yolunun mühüm səhifələrindəndir. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar arasında Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Vəlizadə Rəşad Rasim oğlu da olub.
Rəşad 1999-cu il iyulun 13-də Lerik rayonunun Tikəband kəndində anadan olub. 2019-cu il iyulun 15-dən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə DİN Daxili Qoşunların sıralarında başlayıb. Xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunda atıcı vəzifəsində xidmət keçib. 2020-ci ildə başlayan Vətən müharibəsi onun xidmət yolunun mühüm mərhələlərindən biri olub. Həmin dövrdə Gəncə şəhərində komendant postlarında xidmət aparıb. Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutduğu günlərdə şəhərdə dinc sakinlər həlak olub, insanlar yaralanıb, yaşayış və digər obyektlərə ziyan dəyib. Belə təhlükəli şəraitdə Rəşad və silahdaşları əhalinin təhlükəsizliyinin təmin edilməsində, zərərçəkmiş şəxslərə yardım göstərilməsində, dağıntıların olduğu ərazilərə giriş-çıxışın nəzarətdə saxlanılmasında xidmət aparıblar. Müharibənin sonunadək dəstənin şəxsi heyəti ön cəbhəyə göndərilməyə hazır vəziyyətdə xidmətini davam etdirib. Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra isə Rəşadın xidməti azad edilmiş ərazilərdə davam edib. Müxtəlif vaxtlarda Şuşa şəhərinə, Laçın və Kəlbəcər rayonlarına ezam olunaraq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirib.
2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Rəşadın xidmət yolunun son və ən ağır mərhələsi oldu. Sentyabrın 19-da əməliyyata cəlb olunan Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün döyüş bölgəsinə yollandılar. Silahdaşlarının verdiyi məlumata görə, sentyabrın 20-nə keçən gecə dəstə komandiri polkovnik-leytenant Rəşad Hüseynovun rəhbərliyi ilə hərbi qulluqçular Laçın rayonunun Nağdalı kəndindən Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində avtomobillərlə hərəkət ediblər. Müəyyən edilmiş hüdudlara çatmamış şəxsi heyət hücuma məruz qalıb. Hərbi qulluqçular hücumu dəf edərək qarşı tərəfin atəş nöqtələrini susdurublar. Döyüş zamanı bəzi hərbi qulluqçular yaralanıb. Şəxsi heyət hərəkəti davam etdirib. Vəngli kəndinə az məsafə qalmış isə hərbi qulluqçular pusquya düşüblər. Yolun kənarlarından müxtəlif çaplı silahlardan atəş açılıb, onların üzərinə qumbaralar atılıb. Döyüşçülər mövqe tutaraq hücuma qarşılıq veriblər. Döyüş ağır şəraitdə davam edib və qarşı tərəf itki verərək geri çəkilib. Rəşad da həmin döyüşdə sonadək mübarizə aparıb. Hərbi anda sadiq qalan və döyüş tapşırığını yerinə yetirən əsgər müxtəlif nahiyələrindən ağır yaralanaraq şəhid olub. Həmin döyüşdə dəstənin digər hərbi qulluqçuları da şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə əsgər Rəşad Vəlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Rəşadın Vətən qarşısında xidmət yolu ailəsinin tarixində də özünəməxsus yer tutur. Onun qohumları Namiq Hacıyev Birinci Qarabağ müharibəsində, Tamerlan Süleymanov isə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Belə bir ailə tarixinin içində böyüyən Rəşad da öz həyatını hərbi xidmətə bağlayıb və sonadək seçdiyi yola sadiq qalıb.
Rəşadın ailə başçısı da hərbi qulluqçulara müraciət edərək Vətənə şəhidlər kimi sədaqətlə xidmət etməyin, xalqın etimadını doğrultmağın vacibliyini vurğulayıb.
Rəşadın adı onu tanıyanların yaddaşında, ailəsinin xatirəsində və xidmət etdiyi Daxili Qoşunların döyüş tarixində daim yaşayacaq.
























