image-resize-50-750x403backend

Evdə ən çox bu ərzaqları atırıq – Pulumuz zibilə gedir

Marketdən alınan çörək, süd, meyvə-tərəvəz, ət və digər ərzaqların bir hissəsi günlər sonra soyuducunun və mətbəx dolablarının küncündə qalır. Sonra isə istifadə olunmadan zibilə atılır. Əslində, atılan hər bir ərzaqla birlikdə ailənin həmin məhsula ödədiyi pul da itir.

Ərzaq israfı təkcə qida məhsullarının zibilə atılması deyil, ailə büdcəsinə də əlavə yük yaradan problemlərdən biridir. Azərbaycanda ərzaq məhsulları ailələrin gündəlik xərclərində mühüm yer tutur.

2026-cı ildə də ərzaq qiymətlərində artım davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artıb. İyul ayında isə qida məhsulları üzrə illik artım 7,3 faiz olub.

Belə bir vəziyyətdə evdə alınan məhsulların istifadə edilmədən atılması ailənin büdcəsinə daha çox təsir edir.

Bəs evlərdə ən çox hansı məhsullar israf olunur?

Beynəlxalq araşdırmalar göstərir ki, meyvə və tərəvəzlər ərzaq israfında ən böyük paya malik məhsul qruplarından biridir. Bunun əsas səbəbləri onların tez xarab olması, düzgün saxlanılmaması və ehtiyacdan artıq alınmasıdır.

Azərbaycan ailələrində də buna oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Xüsusilə pomidor, xiyar, göyərti, meyvələr, kartof və digər tez xarab olan məhsullar vaxtında istifadə edilmədikdə zibilə gedir.

Çörək də evlərdə ən çox israf olunan məhsullardan biridir. Bir neçə gün əvvəl alınan çörəyin quruması, kiflənməsi və ya ailənin onu vaxtında istifadə etməməsi nəticəsində məhsul atılır. Süd, qatıq, xama, pendir kimi süd məhsullarında da oxşar hal yaşanır.

Ət və hazır yeməklərin israfı isə ailə büdcəsinə daha ciddi təsir göstərir. Çünki bir neçə manatlıq tərəvəzin atılması ilə bir neçə on manatlıq ət yeməyinin zibilə getməsi eyni maliyyə itkisi deyil. Üstəlik, problem yalnız məhsulun xarab olması ilə bağlı deyil. Bəzən ailələr qonaq gələcək düşüncəsi ilə normadan artıq yemək hazırlayır, süfrədə qalan yemək isə sonradan istifadə olunmadan atılır.

Evdə ərzaq israfının qarşısını almağın əsas yollarından biri alış-verişi əvvəlcədən planlaşdırmaq, evdə olan məhsulları nəzərə almaq və ehtiyacdan artıq məhsul almamaqdır. Hazırlanan yeməyin miqdarını düzgün hesablamaq və qalan yeməyi uyğun şəraitdə saxlamaq da israfın azalmasına kömək edir.

BMT-nin Ətraf Mühit Proqramının 2024-cü il hesabatına görə, 2022-ci ildə dünyada 1,05 milyard ton qida tullantıya çevrilib. Bunun 60 faizi ev təsərrüfatlarının payına düşüb. Hesabata əsasən, dünyada ev təsərrüfatları hər gün bir milyarddan çox porsiya yeməyə bərabər qidanı israf edir.

Yəni ərzaq israfının əsas mənbələrindən biri məhz evlərdir.

Azərbaycan üçün problem daha çox ailə büdcəsi baxımından önə çıxır. Çünki ərzaq xərcləri ailənin aylıq büdcəsində böyük yer tutur.

Məsələn, ailə hər həftə istifadə etmədiyi 5-10 manatlıq ərzağı atırsa, bu məbləğ ay ərzində 20-40 manata çatır. Bir il ərzində isə söhbət artıq yüzlərlə manatdan gedir. Məhsulların qiyməti artdıqca bu itkinin məbləği də böyüyür. Mütəxəssislər ərzaq israfının qarşısını almaq üçün alış-verişdən əvvəl evdə olan məhsulların yoxlanılmasını, həftəlik menyunun hazırlanmasını, tez xarab olan ərzaqların az miqdarda alınmasını və məhsulların düzgün saxlanılmasını tövsiyə edirlər.//Yenisabah


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki