“Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:
“Digər hissəsində isə inventarlaşma işi aparılır, qiymətləndirmə həyata keçirilir, siyahılar müəyyənləşir. Bəzi məkanlarda isə planlaşdırma işləri davam edir. Söküləcək binaların qəzalı olması və yaxud istismar müddətini bitirməsi üçün müvafiq dövlət qurumları birgə yaratdığı komissiyanın rəyi əsasında həmin binanın qəzalı olması elan edilməlidir. Daha sonra həmin bina qeydiyyata alınmalıdır. Yəni vətəndaşın yaşadığı mənzilin sahəsi və digər detallar qeyd olunmalıdır. Daha sonra tender elan olunmalıdır ki, həmin ərazilərdə satınalma həyata keçirilə bilsin. Həmçinin qeyd edək ki, söküləcək binanın yerində yenisi tikiləcəksə, vətəndaşa aylıq 600 manat miqdarında kirayə məbləği ödəniləcək. Yox, əgər həmin ərazidə abadlaşdırma işləri aparılacaqsa, ərazi dövlət planına uyğun istifadə olunacaqsa, birbaşa kompensasiya məbləği ödənişi olunacaq”.
V.Oruc xatırladıb ki, bir çox vətəndaşlar binaların nə vaxt söküləcəyi ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə müraciət edirlər:
“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” layihəsinə uyğun olaraq işlər mərhələli şəkildə icra olunur. Hansı binanın öncə, hansınınsa daha sonra sökülməsinə müvafiq icra hakimiyyəti orqanı və investorların birgə qərarı əsasında müəyyənləşəcək. Çünki yeni bina inşa etmək üçün mütləq investora ehtiyac var. Bu da qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Kompensasiyaların məbləğlərinə gəlincə bu, təqribən 1000-3000 aralığında dəyişir. Bu məbləğlər həmin ərazidə bazar qiymətləri əsasında hesablanır. Fərdi yaşayış evləri, yataqxanalar da bu siyahıya daxildir”.
























