Türkiyədə sosial şəbəkələrdə Azərbaycana qarşı səsləndirilən tənqidlər, səfirliyimiz qarşısında keçirilən aksiyalar və məktəblərdə hicab məsələsi ətrafında yaranan mübahisələr iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ictimai müstəvidə müzakirəsinə səbəb olub. Xüsusilə dini və ideoloji yanaşmaların dövlət siyasətinə təsiri, dünyəvi təhsil prinsipləri və türk dünyasının birliyi ilə bağlı fikir ayrılıqları diqqət çəkir.
Bəs dini mübahisələr Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala, türk dünyasının birliyini təhlükə altına ata bilərmi?
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, iki qardaş ölkə arasında münasibətlər ayrı-ayrı şəxslərin mövqeyi və gündəlik siyasi mübahisələr üzərindən qiymətləndirilməməlidir. Onun fikrincə, məktəbli geyimi və hicab məsələsi ətrafında mübahisələrin siyasi qarşıdurma səviyyəsinə çatdırılması münasibətlərə xələl gətirə bilər.
Ekspert bəzi Türkiyə rəsmilərinin Azərbaycanın daxili məsələləri ilə bağlı tənqidi mövqelərini, o cümlədən ölkə rəhbərliyini hədəf alan açıqlamalarını qəbuledilməz sayır. O vurğulayır ki, iki ölkə arasında fikir ayrılıqları qarşılıqlı hörmət və diplomatik ünsiyyət çərçivəsində müzakirə olunmalıdır.
“Qardaşın qardaşa sözü varsa, bunu təklikdə deməli, öz aralarında müzakirə etməlidir. Azərbaycana qarşı tənqidləri açıq şəkildə media vasitəsilə səsləndirənlər böyük səhvə yol verirlər. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ayrı-ayrı şəxslərin bizə münasibəti ilə ölçülə bilməz. Xalqlarımızın dostluğu və qardaşlığı tarixi köklərə söykənir və bu münasibətləri qorumaq hər iki tərəfin məsuliyyətidir”, – deyə Ədalət Verdiyev bildirib.
“Dini mübahisələr türk dünyasının birliyinə xələl gətirməməlidir”
Hərbi ekspertin fikrincə, türk kimliyi və ortaq tarixi dəyərlər dini və ideoloji mübahisələrə qurban verilməməlidir. O hesab edir ki, türk xalqlarının birliyi ayrı-ayrı dini yanaşmalardan daha geniş məna daşıyır və hicab kimi məsələlərə görə bu birliyi zəiflətmək yolverilməzdir.
Ədalət Verdiyev Türkiyənin təhsil sisteminin dini istiqamətdə dəyişdirilməsi ilə bağlı müzakirələrə də münasibət bildirib. Onun sözlərinə görə, məktəblərin İmam Hatip tipli dini təhsil müəssisələrinin modelinə yaxınlaşdırılması dünyəvi təhsil prinsipləri və fərdi seçim azadlığı baxımından ciddi suallar doğurur.
“Türkiyədə məktəbləri İmam Hatip tipli mədrəsələrə çevirməyə çalışan yanaşmalar davam edərsə, yaxın gələcəkdə məktəbə hicabsız gəlməyin belə problemə çevrilməsi ehtimalı yarana bilər. Bu, cəmiyyətin dünyəvi təhsil prinsipləri və fərdi seçim azadlığı baxımından düşünülməli məsələdir”, – deyə ekspert qeyd edib.
O əlavə edib ki, dövlət idarəçiliyində strateji düşüncə, hüquqi prinsiplər və dövlətçilik maraqları əsas götürülməlidir. Ədalət Verdiyevin qənaətinə görə, dini baxışların dövlət siyasətində həlledici mövqeyə yüksəlməsi cəmiyyətdə parçalanma riskini artıra bilər.
“Dünyada dini hakimiyyətin siyasi idarəçilikdə əsas rol oynadığı ölkələrin təcrübəsi göstərir ki, dini amilin ön plana çıxması özlüyündə rifah, təhlükəsizlik və sabitlik təmin etmir. İran, Əfqanıstan, Suriya və Yəmən kimi ölkələrin qarşılaşdığı problemlər göstərir ki, dövlətin inkişafı üçün yalnız ideoloji şüarlar kifayət etmir. Dövlət strateji düşüncə, güclü institutlar və düzgün idarəçilik əsasında inkişaf etməlidir. Din dövlət idarəçiliyinin üzərinə çıxarıldıqda, cəmiyyətdə fərqli düşüncələrə münasibət və vətəndaş hüquqları ilə bağlı ciddi problemlər yarana bilər”, – deyə o bildirib.
“İslam dini türk xalqlarının birliyinə maneəyə çevrilməməlidir”
Ədalət Verdiyev hesab edir ki, türk kimliyi müxtəlif dini inanclara malik insanların ortaq tarix və mədəniyyət ətrafında birləşməsinə mane olmamalıdır. Onun fikrincə, müsəlman və xristian türklərin eyni tarixi və mədəni məkanın nümayəndələri kimi yanaşı dayanması türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
“Türk xalqlarının birliyi dini mənsubiyyətlə məhdudlaşdırılmamalıdır. İslam dini müsəlman türklərlə xristian türklərin eyni sırada dayanmasına maneəyə çevrilməməlidir. Tarix göstərir ki, dini və məzhəbi ziddiyyətlər xalqları bir-birinə qarşı qoymaqla yanaşı, dövlətlərin də zəifləməsinə səbəb ola bilər. Sultan Səlimlə Şah İsmayıl arasındakı qarşıdurmanın tarixi nəticələrini xatırlamaq kifayətdir. Bu gün də keçmişin səhvlərindən nəticə çıxarmaq, ortaq maraqları şəxsi və ideoloji mübahisələrdən üstün tutmaq lazımdır”, – deyə ekspert vurğulayıb.
Ekspert türk qadınlarının tarixən dövlət quruculuğunda, idarəçilikdə və hərbi işlərdə mühüm rol oynadığını da xatırladıb. Onun sözlərinə görə, türk kimliyini dini geyim və ya müəyyən ideoloji çərçivələrlə məhdudlaşdırmaq düzgün deyil.
“Türk qadınları tarix boyu dövlət quruculuğunda və ordunun idarə olunmasında iştirak ediblər. Türk tarixinin kökləri hər hansı dini geyim formasından daha qədimdir. Türk kimliyi ortaq tarix, dil, mədəniyyət və dövlətçilik ənənələri ilə formalaşıb. Bu kimliyi dini mübahisələrin predmetinə çevirmək düzgün deyil”, – deyə Ədalət Verdiyev fikrini yekunlaşdırıb.
“Birimizin zəifləməsi digərimizin də zəifləməsidir”
Hərbi ekspert Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasında qarşılıqlı dəstəyin və strateji həmrəyliyin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə beynəlxalq platformalarda bir-birinin mövqeyini müdafiə edib, çətin məqamlarda qarşılıqlı dəstək nümayiş etdiriblər.
“İki qardaş ölkədən birinin bu gün zəifləməsi, yaxın perspektivdə digərinin də zəifləməsinə səbəb olacağı şübhəsizdir”, – deyə ekspert bildirib.
Ədalət Verdiyev Ermənistan rəhbərliyinin beynəlxalq tədbirlərdə Azərbaycan əleyhinə çıxışları və Xocalı faciəsi ilə bağlı məsələlər gündəmə gətirilərkən Türkiyə nümayəndələrinin zalı tərk etməməsini xatırladıb. O hesab edir ki, diplomatik tədbirlərdə iştirakçıları dinləmək və problemlərin həlli yollarını müzakirə etmək daha məqsədəuyğun yanaşmadır.
“Zalı tərk etmək məntiqsiz addımdır. Diplomatlar uzaq məsafə qət edirlər ki, bir-birini dinləsinlər, problemin həlli yolunu tapsınlar.
Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin mövqeyini müdafiə edib. Eləcə də Azərbaycan olmayan yerdə Türkiyə eyni addımı atıb.
İndi isə cənab Ərdoğanın Bakıya gəlməməsi, cənab Fidanın iclas zalını tərk etməsi həm də ev sahibi Azərbaycana qarşı hörmətsizlikdir. Türkiyə qardaş ölkə olaraq əhəmiyyətsiz və sizə aid olmayan hicab məsələsinə görə vəziyyəti daha da gərginləşdirir. Zəngəzur dəhlizini, Turan birliyini hicaba qurban vermək olmaz. Bu səhvləri tarix bağışlamaz”, – deyə Ədalət Verdiyev bildirib.
Ekspertin qənaətinə görə, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin qorunması üçün qarşılıqlı hörmət, dövlət suverenliyinə ehtiram və ortaq strateji maraqlar əsas götürülməlidir. Ayrı-ayrı şəxslərin və siyasi dairələrin açıqlamaları iki xalqın münasibətlərinə kölgə salmamalı, dini və ideoloji mübahisələr türk dünyasının birliyini zəiflətməməlidir.// Konkret.az





