image-1786088391_ybackend

Telefonunu belə şarj edənlərin nəzərinə

Əksəriyyət telefonunu düzgün şəkildə şarj etdiyini düşünür. Fərqində olmadan edilən tək bir səhv həm batareya performansını aşağı salır, həm də cihazın ömrünü azalda bilər.

Ağıllı telefonunu gecə yatmazdan əvvəl şarja qoşub səhərə qədər naqildə saxlayan milyonlarla insan üçün mütəxəssislərdən diqqətçəkən xəbərdarlıq gəlib. Uzun illərdir “telefonu gecə boyu şarj etmək batareyanı sıradan çıxarır” düşüncəsi müzakirə olunur.  Mütəxəssislər müasir telefonlarda əsl təhlükənin həddindən artıq şarj deyil, istilik olduğunu vurğulayırlar.

Müasir telefonlar həddindən artıq şarjın qarşısını alır

Bu gün istehsal olunan ağıllı telefonlardakı güc idarəetmə sistemləri batareya 100 faiz səviyyəsinə çatdıqda şarjı avtomatik olaraq dayandırır. Buna görə də köhnə telefonlarda müşahidə olunan “həddindən artıq şarj” problemi aradan qalxmış olsa da, cihazın uzun müddət yüksək doluluk nisbətində və isti mühitdə qalması litium-ion batareyaların kimyəvi qocalmasını sürətləndirə bilər.

Ən böyük düşmən istilikdir

Mütəxəssislərə görə batareyaların ömrünü ən çox qısaldan amillərdən biri yüksək istilikdir. Telefonun şarj olarkən yastıq, yorğan və ya divan kimi hava almayan səthlərdə saxlanılması istiliyin çölə çıxmasına mane ola bilər. Bu vəziyyət həm batareyanın daha sürətli köhnəlməsinə, həm də nadir hallarda olsa belə, təhlükəsizlik risklərinin artmasına səbəb ola bilər.

Texnologiya mütəxəssisləri batareya ömrünü uzatmaq üçün aşağıdakı vərdişlərdən çəkinməyi tövsiyə edirlər:

Telefonu daim 100 faiz dolu halda saxlamaq.

Şarj olarkən oyun oynamaq və ya ağır tətbiqlər işlətmək.

Keyfiyyətsiz və ya sertifikatsız şarj adapteri və kabelindən istifadə etmək.

Telefonu yastıq, yorğan və ya qapalı məkanlarda şarj etmək.

Batareyanı daim 0 faiz səviyyəsinə qədər bitirmək.

Batareyanı qorumaq üçün nə etməli?

Mütəxəssislər mümkünsə batareyanı təxminən 20-80 faiz aralığında istifadə etməyin uzunmüddətli dövrdə daha sağlam olduğunu qeyd edirlər. Həmçinin iPhone və bir çox Android telefonunda mövcud olan “Optimallaşdırılmış Batareya Şarjı” kimi xüsusiyyətlərin aktiv edilməsi cihazın istifadə vərdişlərini öyrənərək batareyanın uzun müddət 100 faiz səviyyəsində qalmasının qarşısını alır.

Hər nə qədər müasir ağıllı telefonlar gecə boyu şarj edilməyə qarşı müxtəlif qoruma sistemləri ilə təchiz olunmuş olsa da, mütəxəssislər orijinal və ya sertifikatlı şarj avadanlıqlarından istifadə etməyi və telefonun şarj zamanı sərin, hava alan bir səthdə saxlanılmasını tövsiyə edirlər. Beləliklə, həm batareyanın ömrü uzanır, həm də ola biləcək təhlükəsizlik riskləri azaldılmış olur. (Milli.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki