image-33333333333333backend

Nar istifadəçisi: “Balansım internet bəhanəsi ilə qısa müddətdə sıfırlandı”

Vətəndaş Səfər Cavadov Nar Mobile-ın xidmətləri ilə bağlı narazılığını sosial şəbəkədə paylaşaraq balansından qısa müddətdə yüksək məbləğin silindiyini və operatorla əlaqə saxlamağın çətinləşdirildiyini iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Səfər Cavadovun sözlərinə görə, 15 may–4 iyun tarixləri arasında nömrəsinə ümumilikdə 24 manat yükləyib. Daha sonra balansını yoxlayarkən hesabında cəmi 2,92 manat qaldığını görüb.

Onun iddiasına görə, məsələni aydınlaşdırmaq üçün *777# xidməti vasitəsilə operatora qoşulmağa çalışsa da, menyuda operatorla birbaşa əlaqə seçimini tapa bilməyib. Müxtəlif seçimləri etdikcə balansından əlavə vəsait tutulduğunu bildirən vətəndaş, operatorla danışa bilmək üçün ümumilikdə 40–50 qəpik xərclədiyini qeyd edib.

Səfər Cavadov bildirib ki, müştəri xidmətləri ona balansdan 3 manatın ASAN İmza xidmətinə, 3,47 manatın tarif haqqına, 1 manatın bildiriş xidmətinə, 13 manatdan çox vəsaitin isə rouminq internet istifadəsinə görə silindiyini deyib.

Lakin vətəndaş bu izahla razılaşmadığını vurğulayıb. Onun sözlərinə görə, ölkədən çıxmazdan əvvəl başqa operatorun rouminq internet paketini aktivləşdirib və Nar Mobile internetindən istifadə etməyib. Buna baxmayaraq, telefonuna gələn zəng zamanı internetin avtomatik olaraq Nar Mobile şəbəkəsinə keçməsi səbəbindən balansındakı vəsaitin qısa müddətdə tam istifadə edildiyi bildirilib.

Şikayətçi əlavə olaraq balans sorğusu xidmətinin qiymətinin də artırıldığını iddia edib. Onun sözlərinə görə, əvvəllər 5 qəpik olan balans yoxlama haqqı hazırda 17 qəpik təşkil edir. O, qiymət artımı barədə abonentlərə məlumat verilmədiyini, lakin müxtəlif kampaniya və tarif təklifləri ilə bağlı reklam xarakterli SMS-lərin mütəmadi göndərildiyini bildirib.

Məsələ ilə bağlı Nar Mobile-ın mövqeyini dərc etməyə hazırıq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki