image-secki-fransabackend

Makron sonrası Fransa kritik seçim qarşısında: 2027-ci ildə hakimiyyətə kim gələcək?

“Makronun üçüncü ardıcıl müddətə namizəd ola bilməməsi 2027-ci il seçkilərini Fransada son on ilin ən açıq və eyni zamanda ən riskli siyasi yarışlarından birinə çevirir. Hazırkı mənzərədə əsas qarşıdurmanın ifrat sağ Milli Birlik (RN) ilə Makron dövründən qalan mərkəzçi-mötədil blok arasında formalaşması daha real görünür”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva İNFOAZ.MEDİA-ya açıqlamasında səsləndirib:
“ 2026-cı ilin yay sorğularında Jordan Bardella və ya Marine Le Pen RN namizədi kimi birinci turda açıq şəkildə öndədir; onların göstəriciləri təxminən 31–36 faiz intervalındadır. Mərkəz və mərkəz-sağ düşərgədə isə Édouard Philippe daha güclü alternativ kimi görünür, Gabriel Attal da Makronun siyasi xəttinin davamçılarından biri olaraq yarışa daxil olub. Sol cinahda Jean-Luc Mélenchon və Raphaël Glucksmann müəyyən elektorata malik olsalar da, sol qüvvələrin parçalanması onların ikinci tura çıxmasını çətinləşdirə bilər”.
Politoloq qeyd edir ki, növbəti prezidentin siyasi kursu isə seçkinin qalibindən asılı olaraq Fransanın xarici siyasətində ciddi fərqlər yaradacaq.
“Mərkəzçi və ya mərkəz-sağ namizəd qalib gələrsə, böyük ehtimalla Fransanın Aİ və NATO daxilində fəal mövqeyi, Ukraynaya dəstək və Avropanın strateji muxtariyyətinin gücləndirilməsi xətti əsasən qorunacaq. RN-in qələbəsi isə miqrasiya, təhlükəsizlik, milli suverenlik və Brüssellə münasibətlərdə daha sərt siyasətə keçid demək ola bilər; bu, Makron dövrünün Avropa inteqrasiyasını dərinləşdirmək xəttinə ciddi korrektələr gətirər. Buna görə 2027 seçkisini yalnız prezident dəyişikliyi deyil, Fransanın liberal-mərkəzçi siyasi modelinin davam edib-etməyəcəyini müəyyənləşdirəcək seçim kimi qiymətləndirmək mümkündür”.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki