Fransa Prezidenti Emmanuel Makron Çinlə iqtisadi münasibətlərə dair çıxışında Avropa ilə Çin arasında ticarət balansının pozulduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron vurğulayıb ki, o, Çinə qarşı deyil, lakin Avropanın Çinlə artan ticarət kəsiri ciddi narahatlıq doğurur.
“Tam aydın deyim: mən Çinə qarşı deyiləm. Ancaq görürük ki, iqtisadiyyatlarımızda və ümumilikdə Avropada Çinlə ticarət kəsiri hər il artır. Bu isə hər il Avropada on minlərlə iş yerinin itirilməsi deməkdir”, – deyə Fransa prezidenti bildirib.
Makron qeyd edib ki, Çin innovasiya sahəsində qlobal liderlərdən birinə çevrilib. Bununla belə, Avropa yalnız Çin məhsullarını idxal etməklə texnoloji inkişafını təmin edə bilməz.
Onun sözlərinə görə, Avropaya texnologiya transferi, investisiyalar və kimya, avtomobil sənayesi kimi təzyiq altında olan sahələrdə daha geniş əməkdaşlıq lazımdır.
Fransa prezidenti əlavə edib ki, Çin öz sənaye sahələrini Avropa ilə müqayisədə orta hesabla səkkiz dəfə daha çox subsidiyalaşdırır və bu vəziyyət rəqabət qaydalarının yenidən tarazlaşdırılmasını zəruri edir.
Rauf
























