“Tütün məmulatlarının, o cümlədən qəlyanların internet resurslarında, o cümlədən Instagram və digər sosial şəbəkələrdə, eləcə də rəsmi veb-saytlarda hər hansı formada reklam edilməsi qəti şəkildə qadağandır”.
Bu fikirləri İNFOAZ.MEDİA-ya Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov səsləndirib:
“”Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə görə, tütün məmulatlarının, onların istismarı üçün tələb olunan ləvazimat və avadanlıqların (qəlyan qurğuları daxil olmaqla) açıq və ya gizli şəkildə təbliği, sponsorluğu və hər hansı formada reklamı hüququn imperativ normaları ilə tamamilə istisna edilir”.
Vəkil qeyd edir ki, yuxarıda göstərilən qadağanın pozulması halında həm qadağa pozulmuş olur, həm də qanunvericiliklə nəzərdə tutulmuş maliyyə məsuliyyəti və cərimələr tətbiq edilir.
“Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.1-ci və digər əlaqədar maddələrinə əsasən, reklam qanunvericiliyinin tələblərini pozan fiziki, vəzifəli və hüquqi şəxslər barəsində səlahiyyətli nəzarət orqanları tərəfindən inzibati tənbeh tədbirləri tətbiq olunmaqla cərimələr təyin edilir”.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























