image-bandicam-2021-01-07-18-51-36-169-768x403backend

Hərbçiyə verilən mənzil boşanma zamanı bölünə bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Hərbi qulluqçulara uzunillik xidmətlərinə görə dövlət tərəfindən verilən mənzillərin boşanma zamanı taleyi maraq doğurur.

Belə mənzillər yalnız hərbçinin şəxsi mülkiyyəti hesab olunur, yoxsa nikah dövründə əldə edildiyi üçün ər-arvad arasında bölünə bilər? 

Mövzu ilə bağlı  açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, belə mənzillər müəyyən şərtlər daxilində ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə bilər.

“Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli qərarında da bu məsələyə aydınlıq gətirilib. Qərarda qeyd olunur ki, nikah dövründə xidmət illəri və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak, o cümlədən müəyyən müddət ərzində qüsursuz xidmətinə görə hərbi qulluqçulara dövlət tərəfindən təqdim edilən yaşayış sahələri ümumi birgə mülkiyyət hesab oluna bilər”.

Fuad Məmmədovun sözlərinə görə, həmin əmlakın hərbi qulluqçuya birbaşa pul vəsaiti qarşılığında verilməməsi onun avtomatik olaraq şəxsi mülkiyyət sayılması demək deyil. Belə əmlak birgə nikah dövründə göstərilən əmək, xidmət və digər səylərin qarşılığı kimi təqdim olunur.

“Bu səbəbdən uzunillik və qüsursuz fəaliyyətinə, eləcə də müəyyən nailiyyətlərinə görə dövlət qulluqçularına, hərbi qulluqçulara və digər şəxslərə verilən əmlak bağışlama kimi qiymətləndirilə bilməz. Belə hallarda söhbət hədiyyədən deyil, əmək və ya qulluq fəaliyyətinin qarşılığında əldə edilən əmlakdan gedir. Bu isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tətbiqini gündəmə gətirir”.

Bununla belə, vəkil vurğulayıb ki, mənzilin ər-arvad arasında bölünməsi zamanı hər bir işin konkret halları ayrıca qiymətləndirilməlidir. Belə ki, xidmət güzəştinin əldə edilməsi üçün tələb olunan müddətin hansı hissəsinin nikah dövrünə təsadüf etməsi, mənzilin verilmə məqsədi və təyinatı, eləcə də əmlak təqdim edilərkən ailə üzvlərinin sayının nəzərə alınıb-alınmaması mühüm əhəmiyyət daşıyır.

Odur ki, mənzil ər-arvadın ümumi mülkiyyəti hesab edilsə belə, onların həmin əmlak üzərindəki payları mütləq bərabər müəyyən edilməyə bilər. Yekun qərar konkret vəziyyət və hüquqi əsaslar nəzərə alınmaqla verilir.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki