image-image-2backend

Fransada endirim kampaniyası izdihama səbəb oldu

Fransanın Lidl mağazalar şəbəkəsinin iyulun 2-də ventilyator və portativ kondisionerlərə tətbiq etdiyi endirim kampaniyası bir sıra mağazalarda xaotik vəziyyət yaradıb.

İNFOAZ.MEDİA xəbər verir ki, xüsusilə Paris və ətraf ərazilərdə müşahidə olunan sıxlıq zamanı alıcılar məhsulları əldə etmək üçün gecə saatlarından növbəyə dayanıblar. Parisin 14-cü dairəsində yerləşən mağazanın qarşısında növbə gecə yarısından başlayıb və mağaza açılanadək 300–400 nəfərə çatıb. Mövcud məhsullar isə cəmi 30–60 dəqiqə ərzində tükənib.

Mağaza daxilində yaranan itələşmə, insanların yıxılması və təşviş səbəbindən hadisə yerinə polislər çağırılıb. Bildirilir ki, müştərilərdən biri bibər qazından istifadə edib. Nəticədə 12 yaşlı uşaq da daxil olmaqla azı 8 nəfər zərər çəkib.

Oxşar hadisələr Nanterr, Obervilye, Parisin 19-cu dairəsi, Levallua-Perre, Sevran, L’Haÿ-les-Roses və Valenton şəhərlərində də qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə mağaza qapılarının zorla açılması, izdiham, əlbəyaxa davalar və bəzi mağazaların müvəqqəti bağlanması əks olunub.

Hadisələrin fonunda Fransada davam edən rekord istilərin ventilyator və portativ kondisionerlərə tələbatı kəskin artırdığı bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki