Qida məhsullarının üzərində və reklamlarında sağlamlıqla bağlı istifadə olunan ifadələrə dair yeni tələblər müəyyənləşdirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qaydalara əsasən, qida məhsulunun etiketində və ya reklamında istifadə olunan sağlamlıqla bağlı bəyanlar istehlakçıda məhsulun təsiri barədə yanlış təsəvvür yaratmamalıdır. Bu cür iddialar elmi əsaslara söykənməli və məhsulun faktiki xüsusiyyətlərinə uyğun olmalıdır.
Xüsusilə xəstəliklərin qarşısının alınması və ya müalicəsi, çəkinin sürətlə azaldılması, immunitetin gücləndirilməsi, qan şəkərinin tənzimlənməsi kimi təsirlərlə bağlı əsassız iddialardan istifadəyə yol verilməməlidir.
AQTA istehlakçılara qida məhsulu seçərkən etiket üzərindəki məlumatların məzmununa və təqdim olunan sağlamlıqla bağlı iddialara diqqət yetirməyi tövsiyə edib.// yenisabah
























