Laçın istiqamətində hərbi qulluqçu Nəsimi Musayevin itkin düşməsi və daha sonra Ermənistan ərazisində saxlanılması ətrafında müzakirələr davam edir. Ermənistan mediasında hadisə ilə bağlı müxtəlif təxribat iddiaları səsləndirilsə də, Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib. Azərbaycan Baş Prokurorluğu isə Nəsimi Musayevin itkin düşməsi faktı üzrə cinayət işi başlanıldığını açıqlayıb.
Bəs hərbi qulluqçunun Ermənistan ərazisinə keçməsi necə mümkün olub? Əsgər Azərbaycana qaytarıldıqdan sonra onun barəsində hüquqi araşdırma aparılacaqmı və hansı məsuliyyətə cəlb edilə bilər?
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, sərhəddəki hadisə ilə bağlı hazırda real vəziyyəti tam görmək mümkün deyil:
“Burada müxtəlif səbəblər ola bilər. Həmin səbəblərə aydınlıq gətirmək üçün hərtərəfli və obyektiv araşdırma aparılmalıdır. Son vaxtlar Azərbaycanla Ermənistan arasında belə hadisə yaşanmamışdı. İndi həmin hərbçi Azərbaycana qaytarılacağı təqdirdə, dünən də bəyan edildiyi kimi, fakt üzrə cinayət işi başlanacaq. İstintaq aparılacaq və nəticələrə uyğun olaraq konkret fikir bildirmək mümkün olacaq”.
Ekspertin sözlərinə görə, əgər hərbi qulluqçu könüllü şəkildə qarşı tərəfə keçibsə, bu halda onun məsuliyyəti daha ağır ola bilər:
“Yox, əgər yolu azıbsa və yaxud hansısa başqa səbəbdən belə hadisə baş veribsə, cinayət prosesinin tələblərinə uyğun olaraq adekvat qərar qəbul olunacaq. Onun Azərbaycana qaytarılması da mümkündür, orada qalması da. Hər şey qarşıdakı günlərdə məlum olacaq
Əgər şüurlu şəkildə bu addımı atıbsa, hərəkətlərinə hüquqi qiymət veriləcək. Əgər hadisə başqa səbəbdən baş veribsə, ona tamamilə fərqli münasibət göstəriləcək”.
Hüquqşünas Şamil Paşayev isə bildirib ki, hərbi qulluqçuların hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur:
“İşin halları tam araşdırılacaq və aydınlaşdırılacaq. Şəxsin rütbəsi, vəzifəsi, müddətli və ya müddətsiz hərbi xidmət keçməsi, hərbi qulluqçu olması və digər məsələlər dəqiqləşdiriləcək. Hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik kimi cinayət məsuliyyəti yaradan maddələr üzrə cinayət işi başlana bilər. Araşdırma zamanı maddənin dəyişməsi də mümkündür. Cinayətin araşdırılması zamanı müəyyən edilə bilər ki, şəxs hərbi hissəni özbaşına tərk etməyib və ya fərarilik etməyib”.
Hüquqşünas qeyd edib ki, hərbi qulluqçunun hansı şəraitdə Ermənistan ərazisinə keçməsi də araşdırma zamanı müəyyənləşdirilməlidir:
“Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən araşdırma və istintaq aparılacaq. İstintaqın nəticəsində hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması təmin olunacaq. Şəxsin hansı şəraitdə hərbi xidmət yerində olmaması müəyyən ediləcək. Bunun onun özünün könüllü şəkildə verdiyi qərar olub-olmaması, buna məcbur edilib-edilməməsi və ya işin hər hansı digər detalının olub-olmaması araşdırılacaq. Əgər fakt təsdiqini tapsa ki, şəxs həqiqətən hərbi hissəni özbaşına tərk edib, belə olan halda onun rütbəsi, müddətli və ya müddətsiz hərbi qulluqçu olması nəzərə alınmaqla, fərarilik və ya hərbi hissəni özbaşına tərk etmə maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxıla bilər”.// globalinfo.az
























