Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər.
Bəs xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial hansı şəxslərin əmək pensiyalarını müəyyən edir?
Mövzu ilə bağlı danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyaları təyin edir.
Onun sözlərinə görə, həmin maddələrdə nəzərdə tutulan şəxslər arasında ağır və zərərli əmək şəraitində çalışanlar da yer alır:
“Bu kateqoriyaya vəzifələri Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq siyahıda nəzərdə tutulan, ağır və zərərli sahələrdə çalışan şəxslər daxildir”.
Mütəxəssis qeyd edib ki, xüsusi şərtlərlə əmək pensiyası təyin olunan şəxslərin dairəsi bununla məhdudlaşmır.
Onun sözlərinə görə, bu kateqoriyaya mülki aviasiya sahəsində çalışan şəxslərin müəyyən hissəsi, hərbi qulluqçular, prokurorluq orqanlarının əməkdaşları, dövlət qulluqçuları, Milli Məclisin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri və digər kateqoriyalara aid şəxslər də daxildir.// Konkret.az
























