Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles İsrail hökumətini Ukraynaya hərbi dəstək vermədiyinə görə sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Uolles bildirib ki, o, Baş nazir Benyamin Netanyahunun hökumətinə Ukraynaya yardım göstərməyi tövsiyə edib. Lakin İsrail tərəfi Rusiyanı narazı salmaq istəmədiyini əsas gətirərək bu təklifdən imtina edib.
Onun sözlərinə görə, nəticədə Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarına milyardlarla dollar xərcləməyə davam edib və hazırda bunun nəticələri ilə İsrail vətəndaşları üzləşirlər.
“Netanyahu hökumətinə Ukraynaya kömək etməyi tövsiyə etmişdim. İsrail Rusiyanı qəzəbləndirmək istəmədiyini deyərək bundan imtina etdi. Rusiya isə İranın dronlarına 1 milyard dollardan çox vəsait xərcləməyə davam etdi. İndi isə adi israillilər Netanyahunun bu qərarının nəticələri ilə üzləşirlər”, – deyə Uolles bildirib.
Sabiq nazir həmçinin iddia edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra İsrail Rusiyadan gələn “çirkli pulları” və korrupsiyada ittiham olunan şəxsləri qəbul edib.
“Bu, bir vaxtlar nümunəvi hesab etdiyim ölkə üçün kədərli geriləmədir”, – deyə o əlavə edib.
Rauf
























