image-media-1-ixlcf6tzwqhbnua35ep8backend

Azərcell və Bakcell dövlət dili ilə bağlı qanunvericiliyin tələblərinə niyə əməl etmir?

Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanda açıq şəkildə vurğulanır ki, Azərbaycan dili zəngin lüğət tərkibinə və mükəmməl qrammatik quruluşa malikdir. Bununla belə televiziya, radio, internet resursları, mətbuat və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması, əcnəbi sözlərin yersiz işlədilməsi və qrammatik qaydalara əməl olunmaması ciddi problem olaraq qalır.
Müşahidələrimiz göstərir ki, bu problem təkcə media sahəsi ilə məhdudlaşmır.
Ölkənin iki aparıcı mobil operatoru – Azərcell və Bakcell abunəçilərə göndərdikləri SMS bildirişlərində Azərbaycan əlifbasının spesifik hərflərindən (ə, ı, ö, ü, ğ, ş, ç) istifadə etmir. Mesajlar “evezine”, “odenis”, “qebul edildi”, “tarif deyisdi” və s. kimi yazılır.
Bu hal Azərbaycan ədəbi dil normalarının pozulması,
Qrammatik qaydalara əməl edilməməsi,
Dövlət dili haqqında qanuna zidd davranış kimi qiymətləndirilməlidir.
 Maraqlıdır ki, Azərbaycan Hava Yolları “AZAL – Azerbaijan Airlines” vətəndaşlara göndərdikləri SMS-lərdə bütün hərflərdən düzgün şəkildə istifadə edir. Deməli, texniki baxımdan bu mümkündür. Belə olanda sual yaranır:
Əgər dövlət qurumları bunu edə bilirsə, mobil operatorlar niyə etmir?
Texniki problem varsa, niyə illərdir aradan qaldırılmır?
Əgər problem yoxdursa, bu açıq-aşkar səhlənkarlıq deyilmi?
Texniki bəhanə nə dərəcədə əsaslıdır?
Mobil operatorlar çox vaxt deyirlər ki, SMS-lərdə simvol sayı məhduddur və buna görə Azərbaycan hərflərindən istifadə etmirlər. Amma müasir texnologiyalar Azərbaycan əlifbası (ə, ı, ö, ü, ğ, ş, ç) ilə mesaj göndərməyə imkan verir. Rəsmi qurumların bunu tətbiq etməsi də bunun sübutudur. Bu halda məsələ texniki yox, yanaşma və məsuliyyət problemidir.
Dövlət dilinə münasibət kommersiya marağından aşağıdırmı?
Azərbaycan dili dövlət dili statusuna malikdir. Dövlət başçısının Fərmanında ədəbi dilin qorunması xüsusi vurğulanırsa, milyonlarla abunəçiyə gündəlik mesaj göndərən şirkətlərin bu məsələdə məsuliyyət daşıması daha da vacibdir.
 Ona görə ki, gündəlik SMS-lər kütləvi kommunikasiya vasitəsidir.
Yazılı dil nümunəsi kimi qəbul olunur.
Gənclərdə yanlış yazı vərdişi formalaşdırır.
Bu artıq təkcə texniki məsələ deyil, dil siyasəti və ictimai məsuliyyət məsələsidir.
Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də mövqeyini bildirməlidir. Dövlət dili haqqında qanunun tətbiqinə nəzarət gücləndirilməlidir. Mobil operatorlara konkret müddət və öhdəlik qoyulmalıdır.
Azərbaycan dili milli kimliyin əsas sütunlarından biridir. Onun qorunması yalnız rəsmi sənədlərdə deyil, gündəlik kommunikasiya mühitində də təmin olunmalıdır.
Bir sual isə açıq qalır:
Dövlət dili ilə bağlı Fərman hər kəs üçündürmü, yoxsa yalnız kağız üzərində qalmalıdır? /korrekt.az
image-645380427_3223777641162912_153033757082767213_n

image-643926067_3223777544496255_6073200920170225708_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki