ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln təyyarədaşıyan gəmisindəki problemlərin digər gəmilərə və hətta quruda xidmət edən hərbçilərə də yayıldığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Hərbçilərin ailələri və anonim xidmətçilər uzunmüddətli xidmət şəraitində ərzaq, su, sabun və digər zəruri ləvazimat çatışmazlığından, su sistemlərinin sıradan çıxmasından, duş imkanlarının məhdudluğundan və sanitariya problemlərindən şikayətlənirlər.
Bildirilir ki, aylarla davam edən yerləşdirmə hərbçilərdə ciddi yorğunluq və mənəvi ruh düşkünlüyü yaradıb. Ailələrin sözlərinə görə, dənizçilər uzun saatlar işləyir, kifayət qədər istirahət edə bilmir və rəhbərliklə ünsiyyətin zəif olmasından narazıdırlar.
Bəzi hərbçilər oxşar problemlərin digər gəmilərdə də yaşandığını bildiriblər. Hərbçi ailələri isə narahatlıqlarının rəhbərlik tərəfindən lazımi səviyyədə dinlənilmədiyini deyirlər.
USS Abraham Lincoln gəmisinin 250 gündən artıq davam edən yerləşdirilməsi ilə bağlı artıq ABŞ-da ciddi müzakirələr başlayıb. Müdafiə naziri Pit Heqseth isə gəmidəki vəziyyətlə bağlı xəbərlərin şişirdildiyini və yanlış təqdim edildiyini bildirib.
Rauf
























