Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə maliyyə çatışmazlığının ciddi həddə çatdığını bildirib. O, hətta pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün nəzərdə tutulan vasitələrin istehsalının genişləndirilməsinə belə kifayət qədər vəsait olmadığını açıqlayıb.
Ukrayna mediasının məlumatına görə, Zelenski bu barədə “Karpat səkkizliyi” tədbiri zamanı danışıb.
Onun sözlərinə görə, məsələni Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə də müzakirə edib. Zelenski yaxın vaxtlarda onunla görüşəcəyini bildirib.
“Aramızda desək, haqqında danışdığım, sözün əsl mənasında, kosmik maliyyə çatışmazlığından çıxmaq üçün bəzi təkliflər hazırlayırıq. Buna baxmayaraq, bütün çıxış yollarını tapacağıq. Mən artıq bəzi məsələləri bilirəm. Artıq müəyyən razılaşmalar var”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti maliyyələşdirməyə ehtiyac duyulan əsas istiqamətlərdən birinin yüksək sürətli PUA-dan müdafiə sistemlərinin istehsalının artırılması olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, artıq iki Ukrayna şirkəti döyüş sınaqlarından uğurla keçib. Həmin sınaqlar zamanı şirkətlərin istehsal etdiyi PUA-qarşılayıcıları Rusiyanın reaktiv “Şahid”lərini məhv edib.
O əlavə edib ki, ümumilikdə reaktiv PUA-ların qarşısını almaq üçün vasitələrin hazırlanması üzərində 67 şirkət çalışır. Hazırda istehsalçılarla müqavilələrin imzalanmasına başlanılıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























