image-gunay-miri-2-1791984995backend

Vahid məktəbli forması — təhsildə bərabərliyin, cəmiyyətdə birliyin rəmzi

Günay Miri
Gənc müəllim, publisist

Təhsil yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, həm də dövlətçilik düşüncəsinin, milli-mənəvi dəyərlərin və vətəndaş məsuliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Məktəb cəmiyyətin gələcəyini yetişdirir, müəllim isə həmin gələcəyin təməlini qoyur. Buna görə də məktəbdə tətbiq edilən hər bir qərara təkcə gündəlik qaydalar çərçivəsində deyil, onun sosial, tərbiyəvi və strateji əhəmiyyəti baxımından yanaşmaq lazımdır.

Azərbaycanda vahid məktəbli formasının tətbiqi də məhz bu yanaşmanın tərkib hissəsidir. Dövlətin təhsil siyasətinə uyğun olaraq müəyyənləşdirilən vahid geyim standartı şagirdlər arasında sosial-iqtisadi fərqlərin zahiri təsirini azaltmağa, bərabərlik və kollektiv mənsubiyyət hissini gücləndirməyə, məktəbdə nizam-intizamın formalaşmasına xidmət edir. Məktəbli forması şagirdlərə eyni təhsil mühitinin iştirakçıları olduqlarını xatırladır. Burada əsas olan geyimin özü deyil, onun ifadə etdiyi ortaq dəyərlərdir: bərabər imkanlar, qarşılıqlı hörmət, məsuliyyət və intizam.

Lakin unutmamalıyıq ki, sağlam təhsil mühiti yalnız zahiri qaydalarla formalaşmır. Onun əsasını müəllimə hörmət, şagirdə qayğı, valideynlə məktəb arasında etimad və qanunun aliliyinə münasibət təşkil edir. Məktəbdə intizamın qorunması ilə yanaşı, müəllimin nüfuzunun, şagirdin təhlükəsizliyinin və təhsil prosesinin toxunulmazlığının təmin edilməsi də dövlət və cəmiyyət qarşısında mühüm vəzifədir.

Bu gün məktəblərə yönələn hücumlar, müəllimlərə qarşı nümayiş etdirilən aqressiya yalnız ayrı-ayrı şəxslərə qarşı törədilən hərəkətlər kimi qiymətləndirilməməlidir. Məktəbə hücum gələcəyimizə, müəllimə qarşı zorakılıq isə cəmiyyətin mənəvi dayaqlarına zərbədir. Müəllimin əməyini, şəxsiyyətini və nüfuzunu qorumaq təhsilin keyfiyyətini qorumaq deməkdir. Çünki müəllimin özünü təhlükəsiz hiss etmədiyi, şagirdin isə qorxu içində təhsil aldığı mühitdə sağlam gələcək qurmaq mümkün deyil.

Müəllimə hörmət ailədə başlayır, məktəbdə möhkəmlənir, cəmiyyətdə dəyərə çevrilir. Valideynlərin, müəllimlərin, təhsil rəhbərlərinin və hüquq-mühafizə orqanlarının bu məsələdə ortaq mövqedən çıxış etməsi vacibdir. Aqressiyaya bəraət qazandırmaq deyil, onun qarşısını almaq; qarşıdurmanı dərinləşdirmək deyil, hüquq və məsuliyyət çərçivəsində həll yolları tapmaq cəmiyyətin sağlamlığının göstəricisidir.

Azərbaycanın dövlətçilik tarixində xalqla dövlətin birliyi hər zaman mühüm güc mənbəyi olub. Bu birlik çətin sınaqlarda özünü göstərib, milli maraqların qorunmasında və ölkəmizin inkişafında əhəmiyyətli rol oynayıb. Dövlət xalqının təhlükəsizliyini, rifahını və gələcəyini qorumağa çalışır; xalqın dövlətə inamı və qanunlara hörməti isə bu siyasətin ictimai dayaqlarını möhkəmləndirir. Qarşılıqlı etimad üzərində qurulan bu münasibət qorunmalı, hər bir məsələdə milli həmrəylik və məsuliyyət prinsipləri əsas götürülməlidir.

Bu baxımdan, təhsil sahəsində qəbul edilən qərarları da ümumi dövlət siyasətinin məqsədləri, cəmiyyətin maraqları və gələcək nəsillərin inkişafı kontekstində dəyərləndirmək lazımdır. Dövlət idarəçiliyi təkcə bu günün ehtiyaclarını deyil, sabahın mümkün nəticələrini də nəzərə almağı tələb edir. Bəzən qərarların mahiyyəti onların ilk baxışda görünən tərəflərindən daha geniş olur. Əsas məsələ həmin qərarların məqsədini düzgün anlamaq, müzakirələri sağlam məcrada aparmaq və ictimai maraqları şəxsi yanaşmalardan üstün tutmaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət idarəçiliyində nümayiş etdirdiyi qətiyyət və strateji yanaşma dövlətin əsas prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Prezidentin hər bir sahədə qərarların vaxtını, məqsədini və mümkün nəticələrini nəzərə alaraq hərəkət etdiyinə inam dövlətçilik mövqeyinin əsas ifadələrindəndir. Cənab Prezident ölkənin maraqlarını, təhlükəsizliyini və gələcək inkişafını əsas götürərək hansı addımın nə zaman və nə üçün atılmalı olduğunu yaxşı bilir.

Bu gün bizə lazım olan qarşıdurma deyil, anlaşma; parçalanma deyil, birlik; məsuliyyətsiz münasibət deyil, sağlam ictimai mövqedir. Məktəblərimizi qorumalı, müəllimlərimizin nüfuzunu uca tutmalı, uşaqlarımıza həm bilik, həm də vətəndaşlıq məsuliyyəti aşılamalıyıq. Vahid məktəbli forması ilə ifadə olunan nizam-intizam düşüncəsi də məhz bu geniş mənəvi və ictimai məsuliyyətin bir hissəsi kimi dərk edilməlidir.

Dövlətin gücü ilə xalqın birliyi bir-birini tamamlayanda cəmiyyət daha möhkəm olur. Bu birliyi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki məktəbi qorumaq gələcəyi, müəllimi qorumaq milli dəyərləri, dövlətlə xalq arasındakı etimadı qorumaq isə Azərbaycanın sabitliyini və inkişafını qorumaqdır.

Gələcəyimizə sahib çıxmaq üçün bu gün ortaq dəyərlərimizin ətrafında birləşməliyik. Məktəbdən başlayan intizam, müəllimə göstərilən hörmət və dövlətə olan etimad güclü cəmiyyətin ayrılmaz dayaqlarıdır.// Azvision.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki