Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ümumavrasiya istiqamətində transformasiyası dövrün tələbi və birliyin təbii inkişaf yoludur.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda AQEM-in 7-ci sammitində bildirib.
“Bizim səylərimiz Avrasiya qitəsində qarşılıqlı faydalı praktiki əməkdaşlığın dərinləşməsinə kömək edəcək sabit və proqnozlaşdırıla bilən siyasi-iqtisadi mühitin yaradılmasına yönəlib”, – o qeyd edib.
Lavrov tərəfdaşları XXI əsrdə müxtəliflik və çoxqütblülük haqqında Avrasiya üçün universal siyasi sənədin hazırlanmasına qoşulmağa dəvət edib.
Onun sözlərinə görə, layihə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrlə müzakirə olunub. Danışıqlar noyabrın əvvəlində keçiriləcək Avrasiya təhlükəsizliyi ilə bağlı IV Minsk Beynəlxalq Konfransı çərçivəsində davam etdiriləcək.
Rusiya XİN rəhbəri praktiki əməkdaşlığın inkişafına yönəlmiş regional təşkilatların artan rolunu vurğulayıb.
“Bu sahədə çoxşaxəli mandatı olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi qurumlar əsas istiqaməti müəyyənləşdirir”, – nazir qeyd edib.
Lavrovun sözlərinə görə, ŞƏT-in gündəliyi bir çox cəhətdən AQEM-in fəaliyyəti ilə üst-üstə düşür, Avrasiya İqtisadi İttifaqı da oxşar yanaşma əsasında fəaliyyət göstərir.
“Təsadüfi deyil ki, adı çəkilən üç inteqrasiya platforması öz aralarında əlaqələr qurub və Avrasiya miqyasında vahid tərəfdaşlıq mexanizmləri şəbəkəsinin formalaşdırılması perspektivi ilə onların genişləndirilməsinə çalışır”, – o deyib.
Lavrov əlavə edib ki, AQEM də bu şəbəkənin bir hissəsi ola bilər. Birliyin artıq Avrasiya İqtisadi Komissiyası, ŞƏT Katibliyi və ŞƏT-in Regional Antiterror Strukturu ilə işçi əlaqələri qurulub.
“Əminik ki, AQEM-in ümumavrasiya istiqamətində inkişafı dövrün tələbidir, təşkilatımızın inkişafının obyektiv və təbii yoludur”, – Rusiyanın xarici işlər naziri bildirib.




