Mərhum rejissor və teatr xadimi Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, xalq artistləri, aktyorlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq yazıçısı Natiq Rəsulzadə İNFOAZ.MEDİA-ya açıqlamasında Aleksandr Şarovski ilə uzun illər ərzində ünsiyyətdə olduğunu bildirib.
“ Mən onunla uzun illər boyu ünsiyyətdə olmuşam. Çünki bir çox tamaşalarım səhnəyə qoyulub, onun tamaşaları da nümayiş olunub. Ondan çox yaxşı və lazımlı fikirlər görmüşük.
Mən sizə deyim ki, Şarovski Rus Dram Teatrında bir epoxa idi. O da getdi. Amma getdi deyəndə, özündən sonra bir çox rejissorlar, aktyorlar və şagirdlərini qoyub getdi.
Onlar indi Şarovskinin ənənələrini yaşadırlar. Eyni zamanda, bu teatrda Şarovskinin yeri görünür. Yeri görünür, amma buna baxmayaraq, onun yerini şagirdləri tutur.
Mən qeyd etmək istəyirəm ki, o, çox istedadlı və çox gözəl bir kollektiv qoyub gedib. O kollektiv onun işini böyük uğurla davam etdirəcək”, – deyə Natiq Rəsulzadə bildirib.
Təbriz Dünyamalızadə
























