Son illər ölkəmizdə sığortaya maraq artıb. İnsanlar daşınan və daşınmaz əmlaklarını, kreditlərini, hətta həyatlarını sığorta edirlər.
Sığortanın ən çox maraq göstərilən növlərindən biri də mənzillərin sığortasıdır. Müsbət haldır ki, son zamanlarda daşınmaz əmlakın sığortalanmasında bir canlanma var. Lakin bəzən müxtəlif səbəblərdən sığortalanmış mənzili satmaq zərurəti yaranır. Bu zaman isə sığorta müqaviləsinin aqibəti və əvvəlcədən ödənilmiş sığorta haqqının geri qaytarılması məsələsi gündəmə gəlir.
Bu məsələ necə tənzimlənir?
Mövzu ilə bağlı danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, sığorta müqaviləsi bağlanarkən və ya sığorta hadisəsi baş verərkən şəxsin həmin əmlakla bağlı sığorta marağı olmalıdır:
“Bu maraq əmlakın mülkiyyətçisinə, icarəçisinə, ailə üzvlərinə və ya əmlakla müəyyən bağlılığı olan digər şəxslərə aid ola bilər. Mənzil satıldıqda əvvəlki mülkiyyətçinin həmin əmlakla bağlı sığorta marağı itir. Bu halda mövcud sığorta müqaviləsi avtomatik olaraq yeni sahibin adına keçmir. Mənzilini satan şəxs sığorta müqaviləsinə xitam verərək ödədiyi sığorta haqqının istifadə olunmamış hissəsini geri ala bilər.
Bu zaman sığorta şirkəti tərəfindən müəyyən inzibati xərclər tutulur. Qalan məbləğ isə müqavilənin istifadə olunmamış müddətinə uyğun olaraq əvvəlki sahibə qaytarılır”.// Bizim.Media




