Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (“Arzum”) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.
Məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri açıqlama verib.
Hakim bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.
Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozub.
























