ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətkiffinin Moskvaya səfərinin xüsusi mesajın ötürülməsi ilə bağlı olmadığını bildirib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Rətkiffinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə mütəmadi əlaqə saxladığını deyib.
“Rətkiffin rusiyalı həmkarı ilə altı aydan bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Heç bir mesaj ötürülməyib və bunda qeyri-adi heç nə yoxdur”, – deyə Tramp bildirib.
Rətkiffin avqustun 25-də Moskvaya səfər edib. Kremlin sözçüsü Dmitri Peskov səfərin xüsusi xidmət orqanları arasında işgüzar əlaqələrlə bağlı olduğunu və görüşlərin nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verildiyini açıqlayıb.
Narışkin də daha sonra jurnalistlərə bildirib ki, MKİ direktoru ilə görüş zamanı kəşfiyyat orqanlarının səlahiyyətlərinə aid məsələlər müzakirə olunub. O, xarici həmkarlarla işgüzar əlaqələrin mütəmadi xarakter daşıdığını qeyd edib.
SVR rəhbərinin sözlərinə görə, o, xarici xüsusi xidmət orqanlarının rəhbərləri ilə demək olar ki, hər həftə onlayn formatda və ya üzbəüz əlaqə saxlayır.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























