image-1788942388_5262513489970930069backend

Şəki yaylasındakı kanat faciəsi: İki nəfərin ölümünə görə sahibini hansı cəza gözləyir?

Şəki yaylasında kanatın trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi əyləncə mərkəzlərində təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunduğu ilə bağlı ciddi suallar yaradıb. Belə obyektlərdə texniki qurğuların sazlığına kim nəzarət edir və səhlənkarlıq nəticəsində ölüm baş verərsə, obyektin sahibi və ya məsul şəxsi hansı cəzanı ala bilər?

Mövzu ilə bağlı İNFOAZ.MEDİA-ya  danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tələbləri gündəmə gəlir.

Hüquqşünasın sözlərinə görə, həmin maddə texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyəti nəzərdə tutur:

“Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməməsi ilə bağlı məsuliyyət müəyyənləşdirilib. Əgər bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin 162.3-cü maddəsinə əsasən məsuliyyət yarana bilər”.

Ramil Süleymanov qeyd edib ki, belə halda şəxsin üç ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi ilə və ya bu cəza tətbiq edilmədən 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi mümkündür.

Hüquqşünasın sözlərinə görə, konkret olaraq kimin məsuliyyət daşıması istintaq və araşdırmanın nəticəsində müəyyən ediləcək:

“Prokurorluq tərəfindən aparılacaq araşdırma nəticəsində müəyyən olunmalıdır ki, kanatın trosunun texniki vəziyyətinə və təhlükəsizliyinə cavabdeh olan şəxs kim olub. Əgər həmin şəxs trosun vaxtında texniki müayinədən keçirilməsini təmin etməyibsə və bunun nəticəsində faciə baş veribsə, onun məsuliyyəti yarana bilər”.

Ekspert vurğulayıb ki, araşdırma zamanı həmçinin kanatın texniki müayinəsinin vaxtında aparılıb-aparılmadığı, qurğunun istismarına icazənin olub-olmaması və təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl edilməsi də müəyyənləşdirilməlidir.

“Əgər müvafiq dövlət qurumu tərəfindən texniki müayinənin keçirilməsi tələb olunubsa və buna əməl edilməyibsə, yaxud qurğunun təhlükəsizliyinə cavabdeh şəxs öz vəzifəsini lazımi qaydada yerinə yetirməyibsə, həmin şəxsin cinayət məsuliyyəti məsələsinə baxıla bilər. Qeyd etdiyim kimi, iki və ya daha çox şəxsin ölümünə səbəb olan belə hallar Cinayət Məcəlləsinin 162.3-cü maddəsinin tələbləri əsasında qiymətləndirilir”, – deyə Ramil Süleymanov bildirib.

Beləliklə, Şəki yaylasında baş verən faciə təkcə konkret obyektin deyil, ümumilikdə əyləncə və istirahət mərkəzlərində istifadə olunan texniki qurğuların təhlükəsizliyinə nəzarət mexanizmlərinin effektivliyini də gündəmə gətirir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki