Rusiya radio idarəetmə bağlantısı olmadan tam avtonom rejimdə fəaliyyət göstərən Molniya zərbə pilotsuz uçuş aparatını (PUA) istifadəyə verib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin müşaviri və radioelektron mübarizə üzrə ekspert Serhii “Flash” Beskrestnov məlumat verib.
Onun sözlərinə görə, ələ keçirilən PUA-da yalnız kompüter görməsi üçün kamera-optik modul və FlyCore FC-202 uçuş kompüteri aşkarlanıb. Qurğuda nə idarəetmə antenası, nə video ötürmə sistemi, nə də hər hansı radio siqnalı yayan avadanlıq mövcuddur.
Bildirilir ki, PUA buraxıldıqdan sonra əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə müstəqil hərəkət edir. Daha sonra bortdakı süni intellekt sistemi hədəfi müəyyənləşdirir, onu izləyərək operatorun müdaxiləsi olmadan zərbə endirir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, radio siqnallarından istifadə etmədiyi üçün bu PUA Ukraynanın radiofrekans əsaslı pilotsuz aparat aşkarlama sistemləri tərəfindən müəyyən edilmir və radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılması da mümkün olmur.
Məlumata əsasən, tam avtonom Molniya PUA-ları xüsusilə Zaporojye istiqamətində geniş şəkildə tətbiq edilir və Ukraynanın istifadə etdiyi elektron mübarizə və aşkarlama sistemlərini effektiv şəkildə keçə bilir.
Rauf
























