İyunun 16-da Məhərrəm ayı başlayır və bununla əlaqədar olaraq ölkədə toy, nişan və digər şənlik məclislərinin sayında ciddi azalma gözlənilir. Bu dövrdə xüsusilə restoranlar, şadlıq sarayları, foto-video xidmətləri və tədbir təşkili ilə məşğul olan sahibkarların fəaliyyəti zəifləyir.
Bəs Məhərrəmlik dövründə baş verən durğunluq həqiqətən iqtisadi itki hesab oluna bilərmi?
iqtisadçı Xalid Kərimli bildirib ki, təxirə salınan məclislər sonradan keçirildiyi üçün bu proses illik iqtisadi göstəricilərdə nəzərəçarpacaq azalma yaratmır:
“Məhərrəmlik dövründə əyləncə xarakterli tədbirlərin, toy və nişan məclislərinin sayında müəyyən azalma müşahidə olunur. Lakin bu, həmin xidmətlərə olan tələbatın tamamilə yox olması demək deyil. Sadəcə, xərclərin və istehlakın vaxtı dəyişir. İnsanlar tədbirlərini ya Məhərrəmlikdən əvvəlki dövrə, ya da sonrakı həftələrə keçirirlər. Ona görə də bu vəziyyət illik makroiqtisadi göstəricilərə ciddi təsir etmir. İstehlak həcmi ümumilikdə qorunub saxlanılır, yalnız zaman üzrə yerdəyişmə baş verir. Nəticədə iqtisadi aktivlikdə qısamüddətli dəyişikliklər müşahidə olunsa da, bunun ilin yekun nəticələrinə əhəmiyyətli təsiri olmur.// Yeni Sabah
























