image-1009735_srcbackend

İsrail ordusu “Hizbullah”ın mövqelərinə zərbələr endirdi

İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubundakı Nəbatiyyə bölgəsində “Hizbullah”a məxsus infrastruktur obyektlərinə silsilə zərbələr endirib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail hərbçilərinin bildirdiyinə görə, zərbələr “Hizbullah”ın ötən axşam İsrail hərbçilərinə pilotsuz uçuş aparatları ilə hücumuna cavab olaraq həyata keçirilib. Qrupun Əli-Tahir silsiləsi ərazisində yerləşən İsrail qüvvələrinə doğru iki PUA göndərdiyi bildirilib. Onlardan biri vurulub, digəri ilə əlaqə isə sonradan kəsilib. Hadisə nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.

IDF-nin məlumatına əsasən, zərbələr zamanı “Hizbullah”ın silahların saxlanılması üçün istifadə etdiyi obyektlər də hədəfə alınıb. İsrail tərəfi həmin silahların İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlarda istifadə edilməsinin planlaşdırıldığını iddia edib.

Livan tərəfi isə İsrailin zərbələri nəticəsində bir qadının öldüyünü, daha bir neçə şəxsin yaralandığını bildirib. Livanın dövlət xəbər agentliyinin məlumatına görə, qadın Nəbatiyyə bölgəsinin Ərəb Salim yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində həyatını itirib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki