İran ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasına baxmayaraq neft ixracını davam etdirdiyini açıqlayıb.
İranın neft naziri Möhsün Paknejad bildirib ki, ölkənin neft satışı hələ də davam edir və məhsullar İranın ərazi sularından kənarda yerləşən uzaq sulardakı müştərilərə çatdırılır. Bu barədə o, “Jamaran” xəbər portalına açıqlamasında deyib.
Nazirin sözlərinə görə, ABŞ-ın dəniz blokadasının yenidən tətbiq edilməsindən sonra neft satışının həcmi azalıb. Bununla belə, ixrac tamamilə dayandırılmayıb.
Paknejad satışların hansı marşrutlarla və hansı həcmdə həyata keçirildiyi barədə əlavə məlumat verməyib. O, detalları açıqlamağın bu məlumatların İranın rəqibləri tərəfindən istifadə edilməsinə səbəb ola biləcəyini bildirib.
Qeyd edək ki, İranın neft ixracının ABŞ-ın dəniz blokadasından ciddi şəkildə təsirləndiyi barədə məlumatlar yayılıb. Reuters-in məlumatına görə, blokada Tehran üçün əsas gəlir mənbəyi olan neft ixracını əhəmiyyətli dərəcədə azaldıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























