Azərbaycan təhsilinin bir çox paradoksları var. Nazir bu durumu çox yaxşı ümumiləşdirib: təhsilimiz sanki tərsinə qurulub. Amma tərsinə qurulan işlər, son 6 ildə deyəsən daha çox olub. Ciddi problemlərdən biri də menecerlərin sadə həqiqətləri inkar etməsi, onları görməzdən gəlməsi, elmə, ağıla və sağlam məntiqə zidd qərarlar qəbul etməsidir. Təhsilin belə səhv idarəedilməsi, təbii ki, yalnız uğursuzluğa səbəb olacaqdı. Təhsilin ciddi problemləri haqqında geniş yazmaq istəmirik, çünki, bu mövzuda çox yazmışıq.
Məşhur deyimdə deyildiyi kimi: “Ağıllı adam ağıllı adamı yanına alarsa, gücünə güc qatar, qarşısına alarsa, gücünü azaldar”. Bu, təkcə etika deyil, bu həm də idarəetmə fəlsəfəsidir.
Son illərdə ETN təcrübəsi bunu bird aha sübut etdi.
- Sistem peşəkarlığı deyil, loyallığı seçir.
ETN-in kadr modeli əslində təhsil sisteminin bu günü və gələcəyi üçün “potensial təhlükə” modelidir. Tənqidi düşünən, təhsil elmlərini bilən, fasiləsiz tədqiqatlar aparan, beynəlxalq təcrübəsi olan, innovativ layihələr təklif edən kadrlar bu gün ETN üçün sanki ciddi riskdir. Niyə? İnkişafda, alternativ təkliflərdə, innovativ yanaşmalarda maraqlı deyillərmi? Mövcud insan kapitalına dəyər verə bilməyənlər, yeni insan kapitalı yarada bilrlərmi?
Çox vaxt sual verən, məsələlərə daha geniş baxışı olan mütəxəsisislər kənarda saxlanılır, onların potensialından faydalanmırlar, əksinə, onlara qarşı mübarizə aparırlar.
Ətrafdakılar isə (şərabsatanlar, şəkərsatanlar v.s.) “hə” deyən, hesabat yazan, reytinq şişirdən, manipulyasiya və saxtakarlıqlara meylli menecerlərdir. Gücə güc qatılmayanda, güc parçalanır, təhsil sistemi çökür, gənclərimizin rəqabətqabiliyyətliyi ilbəil azalır, ölkə iqtisadiyyatının perspektivi qaranlıq olur.
Nəticədə rəqəmlər danışır. Ölkədə innovasiya və patentlər çox azdır. Azsaylı innovasiya və patentlərin neçəsi universitet ekosistemindən çıxıb? Neçəsi bazara çevrilib? Qlobal İnnovasiya İndeksində və patent reytinqlərində niyə daim aşağı yerlərdə olmalıyıq? Olan azsaylı innovasiya və patentlərin, dərc edilən impakt faktorlu elmi məqalələrin iqtisadiyyata təsiri niyə yoxdur? Belə fəaliyyətlə insan kapitalı deyil, kağız kapitalı yaratmaq olar.
- Təhsildə uğur şüarla, PR-la olmur.
Ölkə Prezidentinin “təhsil bir nömrəli prioritetdir” sözü ETN üçün strategiya olmalıdır. ETN-in kadr siyasəti isə bu strategiyanın taktikasının mühüm istiqaməti olmalıdır. Taktikanın digər istiqamətləri isə müvafiq proqram və layihələrin hazırlanması, onların peşəkarlıq və məsuliyyətlə icrasından ibarət olmalıdır. Taktika strategiyaya zidd olanda strategiya ölür.
Bu səbəblərdən də ölkədə keyfiyyətli insan kapitalı yaradılmadı. Bu səbəblərdən də 2022-2026-cı illər üçün ölkənin inkişaf strategiyasının təhsilə dair bəndləri icra edilə bilmədi.
Bu strategiyanın icrası üçün ETN hansı tədbirlər planı, proqram və layihələr hazırladı, icra etdi, buna nə qədər resurs sərf etdi? Niyə bu qurum hökumətə və xalqa öz uğursuzluqlarının səbəbləri barədə heç bir hesabat vermir? Mənasız PR kompaniyası hələ hesabat deyil.
İnsan kapitalının formalaşması üçün ETN bu məsələləri həll etməli idi:
- a) Peşəkar kadrları cəlb etmək azadlığı,
- b) Onlara resurs və səlahiyyət vermək,
- c) Nəticəyə görə qiymətləndirmək, prosesə görə yox.
Bizdə isə əksidir: səriştəli kadrlar uzaqlaşdırılır, layihələr ya icra edilmir, ya “dost-tanış”a paylanılır, ya da heç layihələr də olmur. Resurslar ETN-də qalır, işin “nəticəsi” də təm-təraqlı bahalı forumlarda səslənən “hesabat”la əvəz edilir.
23 ildə bu model işləmədi, işləməyə də bilməzdi. Çünki universitet ekosistemi əmrlə yox, etimadla, elmə əsaslanan real işlərlə formalaşır, inkişaf edir.
Bu il THE 2027-də reytinqində Riqa Texniki Unversiteti (RTU) 801-1000 sırasına qalxdı, bu universitet bir ildə 125 patent qazanıb. Bu bizim 50 universitetin birgə qazandığı patentlərin sayından xeyli çoxdur. Bu nailiyyət təbii ki, həmən ölkənin təhsil nazirinin, rektorun peşəkarları öz ətrafına yığması sayəsində mümkün olmuşdur.
Bizdə isə bunun əksini görürük. Nə nazirin, nə komandasının bir çox məsələlərə elmi0-konseptual baxışı hələ də yoxdur. Belə yanaşma ilə ETN prezidentin “təhsil bir nömrəli prioritetdir” göstərişini də icra edə bilməyəcək.
- Ərköyünlük yoxsa səriştəsizlik?
Belə idarəetmə ərköyünlükdürsə, “mənim təhsil sistemim, mənim kadrım, mənim universitetim” yanaşması dövlətçiliyə zərbədir. Çünki təhsil sistemi nazirliyin mülkü deyil, xalqın gələcəyidir. Əgər bu səriştəsizlikdirsə – təhsilin sistemli transformasiyası, universitetin transformasiyası, universitet ekosistemi nədir, necə qurulur v.s. haqda cüzi bilgilərlərlə, səthi yanaşma ilə təhsili idarə etmək təhlükəlidir. Çünki, illər, pullar gedir, təhsildə qlobal gerilik isə artır.
Hər iki halda hesabı kim ödəyir? Dövlət – beyin axını ilə, xalq – keyfiyyətsiz təhsilə pul xərcləməklə, gənclik – diplomlu işsiz olmaqla.
- Çıxış yolu nədir?
Sistemli transformasiya sistemli kadr islahatından başlayır. ETN özü transformasiya olmalıdır. Peşəkarları sistemdənkənar saxlamaqla, qeyri peşəkarları yuxarı başa gətirməklə, inkişaf yönlü layihə və təşəbbüslərə qrant ayırmamaqla, nə reytinq qalxacaq, nə strategiya işləyəcək, nə də təhsilin prioritetliyi təmin ediləcəkdir.
İlham Əhmədov
İNFOAZ.MEDİA
























