Hacı İsmayılovbackend

Hacı İsmayılov Aleksandr Şarovski haqqında: “Ömrünü Azərbaycan teatr sənətinə həsr edib”

Xəbər verdiyimiz kimi, Aleksandr Şarovskinin vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilir.

Mərasimdə mərhum rejissor və teatr xadiminin ailə üzvləri və yaxınları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, xalq artistləri, aktyorlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Azərbaycanın Xalq artisti Hacı İsmayılov İNFOAZ.MEDİA-ya açıqlamasında Aleksandr Şarovski ilə bağlı xatirələrini bölüşüb.

“Qeyd etmək istəyirəm ki, Aleksandr Şarovski Azərbaycan mədəniyyətinə, Azərbaycan teatr sənətinə ömrünü, həyatını bəxş edib.

Azərbaycanın Xalq artisti idi. “Şöhrət” və “Şərəf” ordenləri, Rusiyanın “Dostluq” ordeni, Puşkin medalı ilə təltif olunub. Eyni zamanda “Humay” mükafatına və Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Şarovski bir sənətkar, yaradıcı insan kimi böyük iz qoyub. Gənc yaşlarında tamam başqa ixtisasa yiyələnmək istəyirdi. Lakin öz ixtisasını kənara qoyaraq həyatını teatr sənətinə həsr edib. 1967-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmağa başlayıb.

Orada çoxlu rollar oynadıqdan sonra 1976-cı ildə Akademik Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 50-dən çox rol oynayıb, 54 tamaşanın uğurlu quruluşçu rejissoru olub, 13 bədii film və televiziya tamaşasında çəkilib.

Mən onunla ilk dəfə 1980-ci ildə “Ani dönüş” filmində görüşmüşəm. İki seriyalı filmdə Feliks rolunu oynayırdı. Ondan sonra bizim dostluğumuz başladı və bu, heç vaxt yadımdan çıxmayacaq.

Azərbaycan televiziyasında çox uğurla nümayiş etdirilən “Yaranış” tamaşasında da çox gözəl rol oynamışdı. Onunla birgə Rus Dram Teatrının bir çox aktyorları da orada iştirak edirdilər, amma Şarovskinin xüsusi yeri var idi.

O, həyatını Azərbaycan mədəniyyətinə, eləcə də Azərbaycan mədəniyyəti ilə dostluq edən ölkələrin birləşməsinə həsr etmişdi. Həmişə bu istiqamətdə onun böyük əməyi və zəhməti olub. Heç təsadüfi deyil ki, “Dostluq” ordeninə layiq görülüb.

Allah rəhmət eləsin. Mən teatr ictimaiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Aleksandr Şarovskinin doğmalarına, yaxınlarına, onun çalışdığı və 54 il fəaliyyət göstərdiyi bu kollektivin bütün üzvlərinə başsağlığı verirəm.” – deyə Hacı İsmayılov bildirib.

Təbriz Dünyamalızadə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki