ADU dünyanın qabaqcıl universitetləri sırasındadır.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Çərkəzqızı-Qurbanlı deyib.
O bildirib ki, Azərbaycan Dillər Universiteti ölkəmizin ən nüfuzlu ali məktəblərindən biridir. Uzun müddət məhdud sayda dillərin tədrisi ilə məşğul olan bu universitet hal-hazırda tədris imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Görkəmli dilçi, akademik Kamal Abdullanın rəhbərlik etdiyi ADU aparılan islahatlar, həyata keçirilən elmi layihə və proqramlar, qurulan beynəlxalq əlaqələr sayəsində öz nüfuzunu xeyli artırmışdır.
ADU-da son vaxtlar diqqət yetirilən məsələlərdən biri müəllim kollektivinin elmi-tədqiqat işlərinin səviyyəsinin artırılmasından ibarət olmuşdur. Universitetin müxtəlif fakültələrində çalışan müəllimlər vaxtaşırı beynəlxalq konfranslarda iştirak etmiş, dünyanın müxtəlif ölkələrində ən mötəbər elmi jurnallarda məqalələr çap etdirmişlər.
ADU-da fəaliyyət göstərən elmi mərkəzlər dünyanın müxtəlif ölkələri ilə elmi əlaqələr qurmağa yaxından kömək etmişdir. Bu əlaqələr mədəniyyətlərarası münasibətlərin qurulmasında, Azərbaycan elm və təhsil sisteminin dünyada təbliğ olunmasında əvəzsiz rol oynamışdır.
Görülən işlərin, aparılan islahatların, həyata keçirilən proqramların müsbət nəticəsidir ki, Azərbaycan Dillər Universiteti bu gün dünyanın qabaqcıl universitetləri sırasında yer tutmuşdur. Belə ki, QS World University Rankings-in ən son nəticələrinə görə ADU “Linqvistika” sahəsində ilk dəfə olaraq 251-300 aralığında mövqe tutmuşdur; “Müasir dillər” ixtisası üzrə isə universitet 151-200 aralığında qərarlaşmışdır.
ADU-nun nüfuzunun günü-gündən artmasında akademik Kamal Abdullanın təşkilatçılıq fəaliyyəti xüsusi rol oynamışdır. Sevindirici haldır, universitetimizin reytinqinin yüksəlməsində digər qurumlarla bərabər, Beynəlxalq jurnalistika şöbəsinin də müəyyən payı vardır.
























