image-1009772_srcbackend

Səudiyyə Ərəbistanı husilərlə müharibəni yenidən başlada bilər

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının (husilər) hücumlarının davam edəcəyi təqdirdə genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq variantını nəzərdən keçirir.

Bu barədə “The New York Times” yazıb.

Məlumata görə, Ər-Riyad hazırda siyasi və diplomatik həll yoluna üstünlük verir. Lakin husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları davam edərsə, ölkə rəhbərliyi hərbi variantı da istisna etmir. Bu halda Səudiyyə aviasiyasının Yəməndə husilərin mövqelərinə zərbələr endirməsi mümkündür.

Səudiyyə rəsmilərindən biri ölkəsinin təhlükəsizliyini qorumaq üçün “bütün zəruri vasitələrdən” istifadə etmək niyyətində olduğunu bildirib.

Son həftələrdə husilərin Səudiyyə ərazisinə, enerji infrastrukturu və gəmiçiliyə qarşı hücumlarının intensivləşməsi Yəməndə 2022-ci ildə əldə olunmuş atəşkəsin yenidən pozulması və genişmiqyaslı müharibənin bərpası ilə bağlı narahatlıqları artırıb.

“The New York Times”ın yazdığına görə, mümkün eskalasiya ABŞ və İran arasında davam edən qarşıdurma fonunda Yaxın Şərqdə yeni cəbhənin yaranmasına səbəb ola bilər. Bununla belə, ekspertlər Səudiyyə Ərəbistanının husiləri tamamilə məğlub etməsinin real olmadığını düşünürlər.

Analitiklərə görə, Ər-Riyadın əsas məqsədi husilərin hərbi və siyasi imkanlarını zəiflətmək, onları danışıqlar masasına qayıtmağa və Səudiyyə tərəfi üçün daha əlverişli şərtlərlə razılaşmağa məcbur etmək ola bilər.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki