Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries”-in təsisçisi Tatyana Kim sərvətində ciddi azalma qeydə alınmasına baxmayaraq, ölkənin ən varlı qadını olaraq qalır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiyanın Forbes nəşrinin 2026-cı il üzrə açıqladığı 20 ən varlı qadın reytinqində məlumat verilib.
Forbes-in hesablamalarına görə, Tatyana Kimin sərvəti bir il ərzində 7,1 milyard dollardan 5 milyard dollara düşüb. Beləliklə, onun kapitalı 2,1 milyard dollar azalıb. Buna baxmayaraq, Kim reytinqdə beşinci dəfə birinci pillədə qərarlaşıb.
Məlumata görə, sərvətin azalmasına fond bazarında qiymətlərin düşməsi ilə yanaşı, “Wildberries”-in logistika infrastrukturuna edilən dron hücumları da təsir göstərib. Forbes-in məlumatına əsasən, iyul ayından etibarən şirkətin müxtəlif regionlardakı logistika obyektləri hücumlara məruz qalıb.
Reytinqdə ikinci yeri Moskvanın sabiq meri Yuri Lujkovun dul arvadı Yelena Baturina 1,3 milyard dollarlıq sərvətlə tutub. Üçüncü pillədə “UralSib” bankının əsas səhmdarı Lyudmila Koqan 1,25 milyard dollarla qərarlaşıb. Dördüncü yerdə isə “Lukoyl”un keçmiş ortaq sahibi Leonid Fedunun qızı Yekaterina Fedun 1 milyard dollarlıq sərvətlə yer alıb.
Forbes-in məlumatına görə, Rusiyanın ən varlı 20 qadınının ümumi sərvəti il ərzində 25,75 milyard dollardan 18,95 milyard dollara enib. Bu, 6,8 milyard dollarlıq azalma deməkdir. Eyni zamanda, dollar milyarderi olan qadınların sayı 9-dan 4-ə düşüb.
Qeyd olunur ki, reytinqin bütün illəri ərzində ilk dəfə bu siyahıya yeni milyarder qadın daxil olmayıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























