Ermənistanda sərhəd kəndlərinin yenidən məskunlaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramı və delimitasiya prosesi regionda yeni geosiyasi müzakirələri gündəmə gətirib. Bu proses fonunda Azərbaycanın Qazax rayonuna məxsus anklav kəndlərinin gələcək taleyi yenidən aktuallaşıb.
Bəs bu kəndlərin geri qaytarılması mümkündürmü və məsələ Ermənistan daxilində keçiriləcək seçkilərdən sonra siyasi qərar səviyyəsində gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hazırda hər iki tərəf bu məsələni açıq şəkildə gündəmə gətirməyə tələsmir:
“Ermənistan Azərbaycan kəndlərinin qaytarılması məsələsinə tam qarşı çıxmasa da, bunu şərtlə əlaqələndirir. Belə ki, rəsmi İrəvan Qazaxın kəndləri müqabilində Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin geri qaytarılmasını tələb edir. Başkənd ərazi baxımından daha böyükdür və bu səbəbdən məsələ mürəkkəb xarakter alır.
Tarixi baxımdan Başkənd Azərbaycan ərazisi olub və sonradan sovet dövrünün məskunlaşdırma siyasəti nəticəsində Ermənistana verilib. Hazırda isə Ermənistan həmin ərazini özünün ayrılmaz hissəsi kimi təqdim edir və bu mövqedən çıxış edərək danışıqlarda şərt irəli sürür”.
Tural Abbaslının fikrincə, məsələ artıq klassik hüquqi çərçivədən çıxaraq daha çox siyasi və geosiyasi müstəviyə keçib.
“Beynəlxalq hüquq mexanizmlərinin zəiflədiyi indiki şəraitdə dövlətlər daha çox güc amilinə əsaslanır.
Yaxın dövrdə Ermənistanda keçiriləcək seçkilər də bu məsələnin gündəmə gətirilməsinə təsir göstərir. Azərbaycan tərəfi hazırda danışıqlar apardığı hakimiyyətlə münasibətləri gərginləşdirməmək üçün bu məsələni kəskin formada qaldırmır.
Seçkilərdən sonra bu məsələ yenidən gündəmə gətirilməli və müzakirəyə çıxarılmalıdır. Azərbaycan öz tarixi torpaqlarının qaytarılması istiqamətində daha qətiyyətli mövqe ortaya qoya bilər”, – deyə o, bildirib.
Ağ Partiya sədrinin sözlərinə görə, rəsmi Bakı müəyyən müddət çərçivəsində Ermənistana kəndlərin qaytarılması ilə bağlı ultimativ təklif irəli sürə bilər. Əks halda isə Azərbaycanın alternativ addımlar atmaq imkanının olduğu vurğulanıb.
Qeyd edək ki, Qazax rayonuna məxsus anklav kəndlərinin taleyi uzun illərdir Azərbaycan-Ermənistan münasibətlərində açıq qalan məsələlərdən biri olaraq qalır və delimitasiya prosesi çərçivəsində bu mövzunun yenidən gündəmə gələcəyi istisna edilmir.
























