Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb.
Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. Əksinə, hazırda “kosmetoloq” yenə pasiyent qəbul edir.
Suallar fonunda aidiyyəti qurumların susqunluğu isə narahatlıq doğurur.
“Yeni Sabah”ın apardığı araşdırma göstərir ki, daha əvvəl qanunsuz kosmetoloji fəaliyyətlə bağlı adı hallanan Nigar Rüfət hazırda da “Laser Beauty Clinic”də fəaliyyətini davam etdirir. “Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini bildirdi.
Nigar Rüfət isə fəaliyyətini gizli şəkildə etmir, sosial şəbəkələrdə də aktiv paylaşımlar edir. Ötən gün o, aprel ayına özəl endirim kampaniyasına start verdiyini pasiyentlərinə elan edib.
Bu isə məsələni daha da aktuallaşdırır. Əgər “kosmetoloq”un fəaliyyəti davam edirsə, o zaman ortaya çox ciddi sual çıxır: fevralın 20-də aparılmış yoxlamanın hüquqi nəticəsi nə olub?
Məsələ ilə bağlı “Yeni Sabah” tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə rəsmi sorğu ünvanlanıb. Sorğuda çox konkret suallar qoyulub.
Lakin bütün sualların qarşılığında qurumun redaksiyaya verdiyi cavab mahiyyət etibarilə yeni heç nə demir.
AEM bildirir ki, “deyilən məsələ ilə bağlı fevral ayında yaydığımız məlumata əlavəmiz yoxdur, yeni məlumat olan kimi sizə göndərəcəyik”.

Bu isə nə hüquqi vəziyyəti açıqlayır, nə də ictimaiyyəti narahat edən əsas suala cavab verir: Kosmetoloq xidməti göstərən Nigar Rüfətin fəaliyyəti qadağan olunubsa, niyə davam edir, qadağan olunmayıbsa, niyə olunmayıb?
Burada söhbət sıradan bir inzibati prosedurdan getmir. Söhbət insanların sağlamlığından, tibbi müdaxilə adı altında həyata keçirilən prosedurların təhlükəsizliyindən və dövlət nəzarətinin real işləyib-işləməməsindən gedir.
Əgər bir şəxsin müvafiq ixtisas təhsili olmadığı halda kosmetoloq fəaliyyəti göstərdiyi rəsmi yoxlama ilə aşkarlanıbsa, bunun ardınca ya həmin fəaliyyət dərhal dayandırılmalı, ya da ictimaiyyətə açıq şəkildə izah edilməlidir ki, niyə dayandırılmayıb. Üçüncü yol yoxdur.
Ən narahatedici məqam isə budur ki, məsul qurumlar bu məsələdə sanki cavabdehlikdən yayınmağa çalışır.
Səhiyyə Nazirliyi məsələni Analitik Ekspertiza Mərkəzinin üzərinə yönəldir, AEM isə konkret hüquqi və inzibati cavab vermək əvəzinə ümumi cümlələrlə kifayətlənir.
Belə çıxır ki, ortada rəsmi yoxlama da var, aşkar edilmiş fakt da var, amma nəticə barədə aydın mövqe yoxdur.
Nigar Rüfətin fəaliyyəti dayandırılıb, ya yox?
Dayandırılıbsa, niyə davam etdiyi görünür?
Dayandırılmayıbsa, rəsmi yoxlamada üzə çıxan faktlar hansı əsasla yetərsiz sayılıb?
“Laser Beauty Clinic” barəsində hansı tədbirlər görülüb və bu tədbirlər nə ilə nəticələnib?
Yoxlamanı aparan dövlət qurumu nədənsə bu sualları cavabsız qoyur.
Cəmiyyətin gözləntisi isə açıq, hüquqi əsaslandırılmış və konkret cavabdır. Suallar isə cavabsızdır…
Axı burada söhbət sadəcə bir redaksiyanın sorğusundan getmir. Söhbət sağlamlıq sahəsində şəffaflıqdan, vətəndaş təhlükəsizliyindən gedir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.
“Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər.
Botoks inyeksiyası artıq tibbi müdaxilə sayılır və bu sahə sadə kosmetoloji fəaliyyət tibbi fəaliyyət kimi qiymətləndirilir. Buna görə də ixtisassız şəxsin bu xidməti göstərməsi daha ciddi hüquqi məsuliyyət yaradır.
Nigar Rüfətin isə ixtisasca həkim-dermatoloq olmadığı yoxlamalar nəticəsində təsdiq olunub.
Vəkil İntiqam Hacıyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən bu tibbi fəaliyyət qaydalarının pozulması kimi qiymətləndirilir.
“Müvafiq tibbi təhsili və icazəsi olmadan botoks inyeksiyası edən şəxslər qanuna müvafiq şəkildə cərimələnir. Əgər şəxs yoxlama aparıldıqdan, inzibati cərimə tətbiq edildikdən və ya fəaliyyətinin dayandırılması barədə göstəriş verildikdən sonra yenə də botoks inyeksiyası kimi qanunsuz tibbi fəaliyyəti davam etdirərsə, eyni pozuntuya görə təkrar törətmə daha yüksək məbləğdə cəriməyə səbəb olur”.
O, həmçinin bildirib ki, Cinayət Məcəlləsinin 192-ci maddəsinə görə bu “Qanunsuz sahibkarlıq” fəaliyyəti kimi qiymətləndirilərək bu fəaliyyətdən gəlir əldə olunduğu təsdiqlənərsə daha ağır cəzalar tətbiq oluna bilər.
























