Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə “dondurulması” ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmaması maraqlandırır.
Bəs qanunvericilikdə bununla bağlı hansı imkanlar nəzərdə tutulur? Bank kredit ödənişlərini uzun müddətə “dondura” bilərmi?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit ödənişlərinin uzun müddətə dayandırılması yalnız bankın razılığı ilə mümkündür:
“Qanunla borclu bunu tələb edə bilməz. Banklar da buna nadir hallarda və çox qısa müddətə razı olurlar. Bir neçə aydan çox olmur.
Bank üçün kredit ödənişlərinin uzun müddət dayandırılması müəyyən maliyyə və tənzimləmə riskləri yaradır. Kredit üzrə ödənişlər həyata keçirilmədikdə onun problemli kreditə çevrilməsi ehtimalı artır və bank müvafiq riskləri nəzərə almalıdır.
Çünki bu, həmin kreditin problemli kreditə çevrilməsi deməkdir. Bank bu halda yüksək məbləğdə ehtiyatlar yaratmalıdır. Üstəlik, kreditin müddəti də ötə bilər. Ona görə belə hallarda banklar məhkəməyə müraciət edirlər”, – deyə Ə.Həsənov vurğulayıb.
Beləliklə, vətəndaş kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirsə, banka müraciət edərək ödəniş qrafikinin dəyişdirilməsini, müddətin uzadılmasını və ya digər restrukturizasiya imkanlarını müzakirə edə bilər. Lakin bankın razılığı olmadan kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılması mümkün deyil.
Tərəflər arasında razılaşma əldə olunmadığı və kredit öhdəlikləri icra edilmədiyi halda isə məsələ hüquqi müstəviyə, o cümlədən məhkəməyə çıxarıla bilər.// Konkret.az
























