İranda hərbi akademiyada keçirilən məzun mərasimində çıxış edən İran İslam Respublikası Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi ölkəyə qarşı “strateji zəiflətmə” cəhdləri barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, dəyişən təhlükəsizlik mühitində silahlı qüvvələrin məsuliyyəti daha da artır və İran hibrid müharibə, siyasi və iqtisadi təzyiqlərə qarşı hazır olmalıdır. Hatəmi vurğulayıb ki, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və siyasi sistemi qətiyyətlə qorunacaq.
Komandan düşmənlərin “məğlubedilməzlik” iddialarını əsassız adlandıraraq Vyetnam, Əfqanıstan və İraqdakı müharibələri uğursuz hərbi müdaxilələrə nümunə göstərib. Onun sözlərinə görə, xarici qüvvələr təhdidlə daxil olsalar da, sonda geri çəkilməyə məcbur olublar.
Hatəmi mövcud təhdidləri siyasi, iqtisadi, sosial, hərbi və psixoloji sahələri əhatə edən hibrid müharibənin tərkib hissəsi kimi qiymətləndirib və bildirib ki, düşmənin məqsədlərini düzgün anlamaq və strateji düşüncə əsas müdafiə amilidir.
Sonda o, silahlı qüvvələrin İranın suverenliyini və ərazi bütövlüyünü “son nəfəsinə qədər” müdafiə edəcəyini bəyan edib.
Rauf
























