image-qarpiz-1backend

İndi satılan qarpızları yemək təhlükəlidir? — Açıqlama

Yay mövsümünün sevilən meyvələrindən olan qarpız artıq bazarlarda və marketlərdə geniş şəkildə satışa çıxarılıb. Lakin mövsümün hələ tam qızışmadığı vaxtda satışa təqdim olunan qarpızların təhlükəsizliyi, onların hansı şəraitdə yetişdirilməsi və haradan gətirilməsi istehlakçıları maraqlandıran əsas məsələlərdəndir. Bəs hazırda satışda olan qarpızları yemək nə dərəcədə təhlükəsizdir? Erkən yetişdirilən bu məhsullar yerli istehsaldır, yoxsa xaricdən idxal olunur?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ilboyu Azərbaycan bazarında qarpız satılır:

“Hazırda satışa çıxarılan qarpızların əksəriyyəti yerli şəraitdə, istixanalarda yetişdirilən məhsullardır. Azad İstehlakçılar Birliyi illər boyu qarpızların tərkibindəki nitratların miqdarını müəyyən etmək üçün mütəmadi monitorinqlər aparıb. Qeyd edək ki, bu sahədə vəziyyət xeyli dəyişib və hazırda qarpızlarda nitratın miqdarı, əsasən, normadan artıq olmur. Bunun səbəbləri sırasında Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər, həmçinin nitrat tərkibli gübrələrin bahalaşması dayanır.

Lakin nəzərə almaq lazımdır ki, yonca əkilmiş sahələrdə becərilən qarpızlar torpaqdan daha çox nitrat çəkə bilir. İstər istixanada, istərsə də açıq sahədə yetişdirilən qarpızlara gübrə verilibsə və ya onlar yonca yerində əkilibsə, tərkibində müəyyən miqdarda nitrat ola bilər. Nitratlı və nitratsız qarpızı fərqləndirmək üçün bəzi əlamətlər mövcuddur. Nitratlı qarpızlar adətən iri olur, içi çəhrayı rəngə çalır, daha şirin dad verir, kəsildikdə asanlıqla çatlamır və daxilində qalın zolaqlar görünür. Nitratsız qarpızlar isə daha çox al qırmızı rəngdə olur, çəkisi adətən 5-6 kiloqramı keçmir, kəsildikdə çatlayır və içərisindəki zolaqlar nazik olur”.

Ekspert deyib ki, digər tərəfdən, əvvəllər geniş yayılmış, iri tumlu qədim qarpız növlərinə indi nadir hallarda rast gəlinir:

“Bu sahə ilə məşğul olanlara tövsiyə edirəm ki, həmin yerli qarpız növlərinin becərilməsinə yenidən üstünlük versinlər. Hazırda daha çox “amerikanka” adlanan növlər əkilir. Bu qarpızlar dözümlü olur, gec xarab olur və bazar tələblərinə daha uyğun hesab edilir. Ümumilikdə, qarpız yemək olar, lakin normaya riayət etmək vacibdir. Bir kiloqram qarpızda 60 milliqrama qədər nitratın olması icazə verilən hədd sayılır. İnsan orqanizmində zəhərlənmə riski isə təxminən 360 milliqram nitrat qəbul edildikdə yaranır. Yəni tərkibində icazə verilən həddə nitrat olan qarpızdan bir dəfəyə çox böyük miqdarda istifadə edildikdə zəhərlənmə ehtimalı yarana bilər. Buna görə də qarpızı ölçülü şəkildə yemək tövsiyə olunur. Həmçinin onu uzun müddət soyuducuda saxlamaq əvəzinə, aldıqdan sonra kəsib qısa müddətdə istehlak etmək daha məqsədəuyğundur”, – deyə o qeyd edib.

Beləliklə, bazarlarda erkən satışa çıxarılan qarpızları qida rasionuna daxil edərkən vətəndaşların maksimum dərəcədə diqqətli və ölçülü davranması şərtdir. Kimyəvi qatqıların miqdarı minimuma ensə də, məhsulun birdən-birə həddindən artıq çox istehlak edilməsi bədəndə qəfil zəhərlənmə dalğası yarada bilər. İstehlak mədəniyyətinə riayət etmək və kəsilmiş qarpızı soyuducuda günlərlə saxlamaqdan qaçmaq sağlamlığı qorumağın yeganə yoludur. Alıcılar al qırmızı rəngli, nazik zolaqlı və optimal çəkili məhsullara üstünlük verməklə mövsüm fəsadlarından özlərini sığortalaya bilərlər.// Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki