Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat Hüseyn Abdullayevin vəkili Günay İsmayılova onunla görüşüb.
Vəkilin Gununsesi.info-ya verdiyi məlumata görə, görüş cəmi 5 dəqiqə çəkib:
“Hüseyn Abdullayev səhhətində olan problemlərlə əlaqədar o görüşdə cəmi 5 dəqiqə qala bildi. Səhhəti getdikcə pisləşir. Xeyli çəki itirib və gözünün altında səhhətində olan problemləri göstərən qaralmalar var idi. Səhhəti o qədər dözülməz idi ki, ölümün bir addımlığında olduğunu dedi. Mən ona təsəlli versəm də, o, real durumunu anlatdığını dedi”.
Vəkil onu da əlavə edib ki, bir müddət əvvəl sabiq deputatın anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, oğlunun səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılmasını xahiş edib.
























