Efiopiya qoşunları Somalinin Bay bölgəsində yerləşən Buurhakaba irəli əməliyyat bazasına nəzarəti Somali Milli Ordusunun 60-cı Diviziyasına rəsmən təhvil verib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu addım Efiopiya hərbçilərinin 2014-cü ildən etibarən bazada davam edən təxminən 12 illik fasiləsiz mövcudluğuna son qoyub.
Buurhakaba Baydonun təxminən 60 kilometrliyində, Moqadişo–Baydoa əsas logistika dəhlizi üzərində yerləşir. Baza bu sektorda “Əş-Şəbab” qruplaşmasına qarşı əməliyyatlarda istifadə olunan mühüm hərbi məntəqələrdən biri hesab olunur.
Məlumatlara görə, Efiopiya qoşunlarının Baydoa, Vəcid və Diinsoor bölgələrindəki digər bazalardan da təhvil-təslim və ya çıxarılma proseslərinə başlaması gözlənilir.
Buurhakaba bazasının təhvil verilməsindən əvvəl “Əş-Şəbab” Hiiraan bölgəsindəki Teedan bazasını ələ keçirib. 2025-ci ildə isə Efiopiya qüvvələrinin bölgədən çıxarılmasından sonra Mahas da qruplaşmanın nəzarətinə keçib.
Yerli məlumatlara əsasən, Buurhakaba hazırda faktiki olaraq “Əş-Şəbab” tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Bölgədə Somali hökumət qüvvələrinin sayının məhdud olduğu və yerli sakinlər arasında təhlükəsizliklə bağlı narahatlığın artdığı bildirilir.
Rauf
























