image-rusiyabackend

Bloomberg: Rusiya hərbi xərcləri maliyyələşdirmək üçün sərt qənaət rejiminə keçir

Rusiya hökuməti hərbi xərcləri əvvəlki templə maliyyələşdirməkdə çətinlik çəkir. Bu səbəbdən Moskva qeyri-hərbi sahələrdə xərclərin azaldılması və sərt qənaət siyasətinə keçmək məcburiyyətində qalıb. Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, apreldə yaranan likvidlik böhranından sonra Rusiyanın federal xəzinəsinin balansı 5,5 trilyon rubl (təxminən 65,3 milyard dollar) mənfi olub.

Bundan sonra Moskva qeyri-hərbi xərcləri 35 faiz azaldıb. Həmçinin dövlət qurumlarına işçi sayının 15 faiz ixtisarına hazırlaşmaq tapşırılıb. Zəruri hesab edilməyən bir sıra xərclərin isə təxirə salındığı bildirilir.

Rusiyanın maliyyə vəziyyətindəki gərginlik artan hərbi xərclərlə bağlıdır. Bloomberg-in daha əvvəl yaydığı məlumatlara görə, 2026-cı ildə müharibə xərclərinin ilkin büdcə planından 4–5 trilyon rubl çox olması gözlənilir. Eyni zamanda, ilin ilk beş ayında Rusiyanın büdcə kəsiri 6 trilyon rubla çatıb.

Mütəxəssislər Rusiyanın artan hərbi xərcləri maliyyələşdirmək üçün daxili borclanmadan daha çox istifadə etdiyini bildirirlər. Ölkənin xarici maliyyə mənbələrinə çıxışının sanksiyalar səbəbindən məhdudlaşması isə büdcə yükünü daha da artırır.

Beləliklə, Moskva hərbi xərcləri qorumaq üçün qeyri-hərbi sahələrdə qənaət tədbirlərini genişləndirir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki