ABŞ-ın İranla müharibəsi fonunda Avropadakı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının kritik həddə düşdüyü açıqlanıb. Associated Press-in (AP) məlumatına görə, bu vəziyyət NATO ölkələrinin mümkün Rusiya raket hücumlarına qarşı müdafiə imkanları ilə bağlı ciddi narahatlıq yaradıb.
Məlumata əsasən, ABŞ ordusunun Avropadakı qabaqcıl raketdən müdafiə vasitələrinin çatışmazlığı “kritik həddən də aşağı” səviyyəyə enib. Xüsusilə Rusiyanın yüksək sürətli ballistik raketlərini zərərsizləşdirmək üçün istifadə olunan “Patriot” ələkeçiricilərinin ehtiyatında ciddi azalma müşahidə olunur.
AP-nin yazdığına görə, ABŞ-ın ümumi “Patriot” raket ehtiyatının təxminən 65 faizi, yəni 2 330 ələkeçiricidən təxminən 1 500-ü İranla müharibə çərçivəsində istifadə olunub. Bu proses Avropada yerləşdirilən raketlərin bir hissəsinin Yaxın Şərqə göndərilməsi ilə nəticələnib.
ABŞ-ın Avropadakı müdafiə rəsmisi bildirib ki, hazırkı vəziyyətdə NATO-nun Rusiyanın davamlı ballistik raket hücumunu dəf etmək üçün kifayət qədər “Patriot” sistemi yoxdur. NATO rəsmisi də Avropadakı ehtiyatların son dərəcə aşağı olduğunu təsdiqləyib.
Ekspertlərin qiymətləndirməsinə görə, problemin aradan qaldırılması qısa müddətdə mümkün olmaya bilər. ABŞ-da istehsalın artırılması planlaşdırılır, Almaniyada isə Avropanın ilk “Patriot” raketi istehsalı müəssisəsinin sentyabr ayında fəaliyyətə başlaması gözlənilir. İlk tədarüklərin gələn ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Bununla belə, AP qeyd edir ki, Rusiyanın hazırda Ukraynaya qarşı davam edən hərbi əməliyyatlar səbəbindən NATO-ya qarşı uzunmüddətli və genişmiqyaslı hava hücumu həyata keçirmək imkanları da məhdud görünür.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























