image-resize-21-750x403backend

2028-dən hər şey dəyişəcək: Milyonlarla vətəndaşı əhatə edən yeni sistem qurulur

“Daha beş İcra Hakimiyyətinin İT sistemləri “Hökumət buludu”na köçürülüb. “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha sürətlənəcəyi gözlənilir”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb. Onun sözlərinə görə, fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib:

“Sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır.

Bəs, Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?

Plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq”.

Deputat bildirib ki, Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra- 2028-ci ilin iyul ayında reallaşacaq:

“Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki