image-bogulma-1backend

Xəzərin dibindən qum daşınması batma hadisələrini artırır?

Son günlər sosial şəbəkələrdə yayılan Xəzər dənizinin dibindən qumun daşındığının əks etdirən videogörüntülər geniş müzakirələrə səbəb olub. Paylaşımlarda məhz bu səbəbdən dənizdə təhlükəli vəziyyətin yarandığı və batma hadisələrinin artdığı iddia olunur.

AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, limanlarda gəmilərin sahilə yaxınlaşmasını asanlaşdırmaq üçün dərinləşmə tədbirləri görülür: “Xəzərin səviyyəsi aşağı düşdüyünə görə xüsusilə böyük gəmilər sahilə yan ala bilmirlər. Bu səbəbdən daim dərinləşmə işləri aparılır. Oradan çıxarılan material daşınır. Bu, yalnız dəniz limanlarına aiddir və məcburi bir işdir. Belə edilməzsə, böyük gəmilərin sahilə yan alması qeyri-mümkündür. Bunun isə çimərliklərlə heç bir əlaqəsi yoxdur. Həmin ərazilərdə insanların çimmək məqsədli dənizə daxil olması yolverilməzdir, qadağandır. Çünki oralar limandır. Videoda əks olunan görüntülər isə böyük ehtimal qum deyil, dib çöküntüləridir. Həmin çöküntülər isə tikintidə və ya başqa yerdə istifadə etmək üçün yararlı deyil. Ehtimaldır ki, bəlkə hansısa analiz, ekspertiza məqsədli və ya dəniz nəqliyyatı vasitələrinin sahilə yaxınlaşmasını asanlaşdırmaq üçün edilə bilər. Daha dəqiq təbii ki, aidiyyatı üzrə orqanlar deyə bilər”.

Mütəxəssis qeyd edib ki, dənizdə batma hadisələrinin müxtəlif baş vermə səbəbləri var: “Təhlükəsizlik qaydalarına riayət etmədən, qadağan olunmuş yerlərdə çimən insanlar üçün təhlükə qaçılmazdır. Fiziki nasazlığı olan və ya spirtli içki qəbul edən insanların dənizə daxil olması təhlükədən xəbər verir. Həmçinin dənizdə baş verən bir çox hadisələr problem yarada bilər. Buna əks dalğanın yaranması deyilir. Dalğalar olan zaman həmin sahil zonasının konfiqurasiyasından asılı olaraq sahildə müxtəlif səbəbdən yığılan su kütləsi hardansa yol açaraq əks istiqamətdə ensiz bir koridorla dalğa, su axını yaratdığı üçün çimən insan birdən-birə hiss edir ki, su kütləsi onu dənizin mərkəzinə hərəkət etdirir. Bu zaman da şəxs özünü itirir və çıxmağa çalışır. Güclü su axınına qarşı şəxsin etdiyi intensiv hərəkətlər onu yorur, halsız salır və boğulur. İnsanlar bu barədə maariflənməlidirlər ki, bu zaman sahilə doğru yox, sahilə paralel şəkildə üzüb xilas olmaq olar. Həmin su axınının eni çox da böyük olmur. Adətən 4-5 metr, maksimum isə 50 metr olur. İnsanlar bunu bilmədiyi üçün sahilə doğru üzürlər və bədbəxt hadisə yaşanır”.// Pravda.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki